AZ

Arda Gülərin "Real Madrid"dəki əsas rəqibi "Fənərbağça"ya keçir

BAKI, 31 iyul. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu transfer çalışmalarını sürətləndirib.

Teleqraf "NTV Spor"a istinadən xəbər verir ki, Fransanın PSJ komandasından Milan Şkriniarın və İngiltərə "Vulverhempton"undan Nelson Semedonun keçidini bitirən İstanbul təmsilçisi daha bir ulduz oyunçunu heyətinə qatmağa hazırlaşır.

"Sarı-lacivərtlilər"in bazar dəyəri 40 milyon avro olan "Real Madrid"in yarımmüdafiəçisi Brahim Diasla danışıqlara başladığı barədə xəbərlər yayılmağa başlayıb.

Bu söz-söhbətlərdən sonra "Fənərbağça" azarkeşləri 26 yaşlı futbolçunun sosial şəbəkə hesablarına "hücum çəkiblər".

"Fənər" tərəfdarları Diasın paylaşımlarına "Fənərbağçaya gəl" şərhlərini yazırlar. Şərhlərin sayı artıq 100 mini ötüb.

Mərakeş millisinin üzvü "Real Madrid"in digər futbolçusu Arda Gülərlə dostluq münasibətindədir. O, daha öncə "Fənərbağça"nın yetirməsi ilə birgə şəklini paylaşaraq "Arda Gülər mənim kiçik qardaşımdır. Demək olar ki, həmişə bir yerdəyik. O, ailəmin bir üzvü kimidir" yazmışdı.

Dias "Real Madrid"də Arda Gülərin əsas rəqiblərindən hesab olunur. Komandanın yeni baş məşqçisi Xabi Alonso mövsümlərarası yoxlama oyunlarında seçimini türkiyəlidən yana edib. Durumundan narazı olan Diasın klubunu dəyişmək fikrində olduğu bildirilir.

Qeyd edək ki, Brahim Dias "Real Madrid"in heyətində meydana çıxdığı 121 oyunda 20 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.

Seçilən
33
teleqraf.com

1Mənbələr