Amerikalı kibertəhlükəsizlik proqram təminatı istehsalçısı "Malwarebytes" smartfon istifadəçilərinin rəqəmsal savadlılığına dair yeni bir araşdırma yayımlayıb.
Valuta.az-ın məlumatına görə, nəticələr göstərir ki, "iPhone" sahibləri "Android" istifadəçilərinə nisbətən daha çox dələduzluğun qurbanı olurlar.
Belə ki, "iPhone" istifadəçilərinin 53 faizi, "Android" sahiblərinin isə 48 faizi onlayn dələduzluğa məruz qaldıqlarını bildiriblər. Eyni zamanda, "iPhone" istifadəçilərinin 47 faizi daha ucuz qiymət naminə tanımadıqları saytlardan alış-veriş edib. Bu göstərici "Android" istifadəçilərində 40 faiz təşkil edir.
Bundan əlavə, yalnız 21 faiz "iPhone" sahibi cihazına əlavə antivirus proqramı yüklədiyini qeyd edib. Halbuki "Android" istifadəçiləri arasında bu nisbət 29 faizdir. "iPhone" istifadəçilərinin yalnız 35 faizi fərqli xidmətlər üçün unikal şifrələrdən istifadə etdiyini bildirib, "Android" sahiblərində bu göstərici 41 faizdir.
"Malwarebytes" analitikləri bu fərqləri iki platforma arasındakı texniki fərqlərlə deyil, istifadəçilərin təhlükəsizliklə bağlı psixoloji təsəvvürləri ilə izah edirlər. Belə ki, "iPhone" istifadəçilərinin 55 faizi cihazlarının "defolt olaraq" bütün təhdidlərdən qorunduğuna inanır. Bu yalnış inam isə rəqəmsal gigiyena qaydalarına qarşı laqeyd münasibətə səbəb ola bilər.
"Apple"ın əməliyyat sistemi doğrudan da ən qapalı və nəzarət edilən platformalardan biridir və bu, onun təhlükəsizlik səviyyəsini artırır. Lakin "Malwarebytes" vurğulayır ki, heç bir platforma tam müdaxiləyə qarşı davamlı deyil.
Paşa Məmmədli