"Cəbrayıl şəhərinə növbəti köç karvanının yola salınması, Azərbaycanın post-müharibə reallığında suverenliyini möhkəmləndirməsinin ən mühüm nümunələrindən biridir. Bu addım, işğaldan azad olunmuş torpaqlarda dövlətin faktiki nəzarətinin və idarəçiliyinin bərpasını simvolizə edir. Cənab Prezident İlham Əliyev bu prosesin yalnız hərbi qələbə ilə yekunlaşmadığını, əsas hədəfin bu torpaqlarda dayanıqlı sülh, təhlükəsizlik və insanların həyatının bərpası olduğunu hər zaman vurğulamışdır. Cəbrayıla köç, məhz bu siyasətin bir təzahürüdür və dövlətimizin bölgədə münaqişə deyil, sülh və sabitlik yaratmaq istiqamətində ciddi addımlar atdığına bir daha əminlik yaradır”. Bunu SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Bu köç həm də beynəlxalq aləmə güclü bir mesaj göndərir: “Bu torpaqlar qayıdıb və bir daha heç vaxt itirilməyəcək. Azərbaycanın qayıdışı artıq yalnız simvolik bir hərəkət deyil, ərazidə real dəyişikliklərin, infrastrukturun bərpası və həyatın əvvəlki vəziyyətinə qaytarılması ilə dəstəklənən bir prosesdir.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində, əvvəlki mərhələlərdə kənd təsərrüfatına əsaslanan məskunlaşma modeli tətbiq olunarkən, indi şəhər infrastrukturunun bərpasına başlandı. Cəbrayıl şəhəri artıq müasir yaşayış binaları, kommunal sistemlər, təhsil və səhiyyə infrastrukturu ilə təchiz olunub. Bu, həm də şəhərsalma və idarəetmənin sinxron tətbiq olunduğu ilk pilot şəhər modelidir.
Artıq 44 ailə, 166 nəfər bu şəhərdə öz yeni evlərinə köçüb. Bu köç, əslində yalnız bir dövlət siyasəti deyil, həm də milli ruhun dirçəlişinin və xalqın birliyinin simvoludur. Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən bu addımlar, Azərbaycanın daxili sabitliyinin təminatçısı və milli həmrəyliyinin simvolu kimi çıxış edir. Eyni zamanda, Cəbrayıl şəhərinə köç prosesinin diplomatik əhəmiyyəti də böyükdür. Bu, Azərbaycanın beynəlxalq aləmdə suverenliyini daha da möhkəmləndirir və Ermənistanın və digər maraqlı tərəflərin Qarabağ və Şərqi Zəngəzura dair iddialarını tamamilə mənasızlaşdırır. Ərazilərə həyatın qayıtması, Azərbaycanın bölgədə sülhə əsaslanan yeni konsepsiyanı təbliğ etməsinə imkan yaradır.
Böyük Qayıdış yalnız məcburi köçkünlərin evlərinə qayıdışı deyil, Azərbaycan xalqının milli birliyinin və ruhunun dirçəlişidir. Cəmiyyətin hər bir təbəqəsi bu prosesin iştirakçısına çevrilir. Bu yolun mənəvi təməlini şəhidlərin xatirəsi, qazilərin qəhrəmanlığı və Azərbaycan Ordusunun rəşadəti təşkil edir".
Müəllif: Fatimə Əliyeva