AZ

Bir həftə qalıb: Azərbaycan Çenqduda keçiriləcək Dünya Oyunlarına hazırdır

Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarının başlanmasına cəmi bir həftə qalır.

İdman.biz xəbər verir ki, o, ilin ən böyük multiidman tədbirlərindən biri olacaq.

Yarışda 100-dən çox ölkədən 4000-dən artıq idmançı 35 idman növündə mübarizə aparacaq. Oyunlar iki ildən bir keçirilir və sonuncusu 2022-ci ildə ABŞ-nin Birmingem şəhərində baş tutub.

Azərbaycan bu yarışlarda karate, kikboksinq və gimnastika növlərində təmsil olunacaq. Gimnastikada idmançılarımız akrobatika, tamblinq və aerobika üzrə mübarizə aparacaqlar.

Tamblinqdə ölkəmizi dünya çempionu olmuş Mixail Malkin təmsil edəcək. Akrobatika üzrə üç lisenziya qazanan komandamızda ikiqat dünya çempionları – qarışıq cütlük Ağasif Rəhimov və Rəziyyə Seyidli, kişilərdən ibarət duet Murad Rəfiyev və Daniyel Abbasov yer alıb. Bundan başqa, kişi qrupumuz – Riyad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Məşaihi və Seymur Cəfərov da yarışa qatılacaq.

Aerobika üzrə qarışıq cütlük – Vladimir Dolmatov və Mədinə Mustafayeva isə İtaliyada keçirilmiş dünya çempionatında gümüş medal qazanaraq Çenqduya vəsiqə əldə edib.

Karatedə Azərbaycanın təmsilçisi 68 kq çəki dərəcəsində üçqat dünya çempionu İrina Zaretska olacaq.

Kikboksinqdə isə yeganə lisenziyanı Yunanıstanın Afina şəhərində Avropa çempionatında qalib gəlmiş Amin Quliyev qazanıb.

Komandamızın heyətində Dünya Oyunlarında daha əvvəl medal qazanmış idmançılar da var. 2022-ci ildə Birmingemdə keçirilmiş oyunlarda Mustafayeva və Dolmatov rəqs aerobikası üzrə bürünc medala layiq görülüblər.

Turnirin şüarı “Sərhədsiz idman, saysız möcüzələr”dir. Oyunların maskotları isə panda Şubao və meymun Cinzay olacaq. Bu iki nadir heyvanın obrazı Çenqdunun ekoloji cəhətdən təmiz, mehriban və qonaqpərvər şəhər olduğunu simvolizə edir.

Avqustun 7-17-də keçiriləcək Dünya Oyunları olimpiya proqramına daxil olmayan, lakin geniş azarkeş kütləsinə sahib olan idman növlərini əhatə edir. Çenqdunun yarışları yüksək səviyyədə təşkil edəcəyinə şübhə yoxdur – şəhər iki il əvvəl keçirilmiş möhtəşəm Yay Universiadası ilə bu sahədəki imkanlarını sübut edib.

Zəki Feyzullayev

İdman.biz

Məqalədə:
Seçilən
13
29
idman.biz

10Mənbələr