Ölkəmizdə şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslər dövlət tərəfindən evlə təmin edilirlər.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Ancaq dövlət qayğısının bu qədər yüksək olduğu bir zamanda bu sahədə yaranmış bir problem həllini tapmayıb. Belə ki, həmin sakinlər onlara verilən evləri özəlləşdirə, “kupça” ala bilmirlər. Həmin evlər onlara daimi verilsə də, qeydiyyatla bağlı problem də özünü göstərir. Bu istiqamətdə hərr dəfə fikirlər səslənməsinə baxmayaraq, hələ də problem öz həllini gözləyir.
Məsələ ilə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Rey Kərimoğlu “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə dövlət tərəfindən ödənişsiz mənzillər verilir:
“Yəni mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan adıçəkilən şəxslər mənzillə təmin edilir. Bu proses 1996-cı ildən başlayıb. Bu günə qədər 16 mindən artıq bu kateqoriyadan olan insanlara dövlət tərəfindən pulsuz mənzil verilib. Ancaq son zamanlar bu insanlar bir problemlə qarşılaşırlar. Belə ki, 2009-cu ilə qədər o mənzillərin özəlləşdirilməsinə icazə olub.
Ancaq 2009-cu ildən bu yana qədər şəhid ailələri və Qarabağ əlilləri onlara verilən evləri özəlləşdirə bilmir. Bunun da səbəbi kimi həmin ildə qəbul edilən Mənzil Məcəlləsini göstərirlər. Bu Məcəllənin bəzi müddəaları şəhid ailələri, Qarabağ əlillərinə dövlət tərəfindən verilmiş məzillərin özəlləşdirilməsinə mane olur. Bununla bağlı “Qarabağ Qaziləri” İctimai Birliyi dəfələrlə müvafiq dövlət qurumlarına müraciət edib, mətbuatda çıxışlar olub, məsələni qaldırıb”.
O bildirib ki, ancaq hələ də məsələ həllini tapmayıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan mənbələrdən aldığımız məlumata görə, bu ilin sonuna qədər həmin məzillərin özəlləşməsinə icazə verən hüquqi aktların qəbul ediləcəyi gözlənilir. Düşünürük ki, bu reallaşmalıdır, bu, onların hüququdur.
Çünki bu mənzil onlarındır, onların da mənzili özəlləşdirib, öz əmlakı kimi davranmaq hüququ var. 2009-cu ildən indiyədək bu problem təəssüf ki, həll olunmur. Ümid edirəm ki, məsələ deyildiyi kimi, ilin sonunadək öz həllini tapacaq. Yəni ölkə başçısının bu istiqamətdə qərarını gözləyirik”.