AZ

"Şərqdə cəbhə dəyişir: Kiyev üçqat təhlükə ilə üz-üzədir" - CNN

"Pokrovsk, Konstantinovka və Kupyansk üç ayrı böhran ocağına çevrilib..."
 
Ukraynanın şərqində vəziyyət sürətlə dəyişir. Rusiya ordusu bir neçə lokal uğuru birləşdirərək genişmiqyaslı yay hücumuna çevirməyə çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu hücumun əsas hədəfi cəbhə xəttini dəyişmək və strateji şəhərləri - Pokrovsk, Konstantinovka və Kupyanskı təhlükə altına salmaqdır. Bu şəhərlərin hər biri Ukrayna üçün təkcə hərbi deyil, həm də logistik və rəmzi əhəmiyyət daşıyır. Onların eyni anda itirilməsi Kiyev üçün üç cəbhədə böhran demək olacaq.
 
Uğurla birləşdirilən lokal irəliləyişlər
 
CNN-in müxbirləri Pokrovsk və Konstantinovka yaxınlığında yerləşən kəndlərdə son dörd gün ərzində döyüşlərin necə gərginləşdiyini müşahidə edib. Rusiya dronları artıq Ukrayna qüvvələrinin əvvəllər "təhlükəsiz zona" hesab etdiyi ərazilərə daxil ola bilir. Əsgərlər isə həm canlı qüvvə, həm də texnika baxımından ciddi çatışmazlıqla üzləşib.
 
Pokrovsk yaxınlığında yerləşən Mirnoqrad rayonunda isə vəziyyət daha kritikdir. Rusiya qoşunlarının artıq Rodinskoye kəndinə girdiyi, Beletskoye qəsəbəsinin kənarına qədər irəlilədiyi bildirilir. Bu isə Pokrovska gedən yolların təhlükə altına düşməsi və şəhərin təchizatının kəsilməsi deməkdir. Ukrayna qüvvələri Avdeyevka və Uqledarda olduğu kimi, burada da mühasirəyə düşmək riskilə üz-üzədir.
 
Kiyevi gözləyən üçqat risk
 
CNN-in təhlilinə görə, bu üç şəhərin itirilməsi Ukraynanın şərq cəbhəsində ciddi dəyişikliklər yaradacaq:
 
- Müdafiə mövqelərinin itirilməsi - Bu şəhərlər hazırda Ukraynanın Donetsk vilayətində nəzarət etdiyi yeganə urbanizasiya mərkəzləridir. Onların itirilməsi cəbhənin digər hissələrinə müdafiə və təchizat imkanlarını zəiflədir.
 
- Rusiyanın yeni hücumları üçün boşluq - Şəhərlərin ələ keçirilməsi Rusiyaya yeni qüvvələrini Kramatorsk və Slavyanska yönəltmək imkanı verəcək. Bu şəhərlər isə Donetskdə Ukraynanın əlində olan son böyük qalalardır.
 
- Kiyev qüvvələrinin açıq ərazilərdə sıxışdırılması - Bu şəhərlərin itkisi nəticəsində Ukrayna ordusu əsasən açıq və müdafiəsiz kənd təsərrüfatı sahələrində döyüşməyə məcbur olacaq. Bu ərazilərdə nə mülki sığınacaq, nə də hərbi dayaq mövcuddur.
 
Cəbhənin digər hissələri də risk altındadır
 
CNN-in məlumatına görə, Dobropolye şəhərində də vəziyyət sürətlə dəyişir. Polisin verdiyi məlumata əsasən, şəhərə mülki avtobusların hərəkəti təhlükəsizlik səbəbilə dayandırılıb. Valideynlərə əvvəlcə uşaqları özləri təxliyə etmələri tövsiyə olunub, lakin sonradan uşaqlar və sakinlər qrup halında təxliyə edilib.
 
Konstantinovkada isə 93-cü mexanikləşdirilmiş briqadanın komandiri bildirib ki, 8 aydır yeni əsgər göndərilməyib. Hazırda bəzi mövqelərdə cəmi iki nəfərlə müdafiə aparılır, zəruri ehtiyaclar isə yalnız dronlar vasitəsilə çatdırılır.
 
Xarkov istiqamətində, xüsusilə Kupyansk yaxınlığında da vəziyyət ağırdır. Rusiya qüvvələri Radkovka kəndini ələ keçirib və artıq şəhərin kənarına qədər irəliləyib. Ukrayna mənbələri bu bölgədəki vəziyyəti "çox sürətlə dəyişən" adlandırır.
 
Müharibənin dinamikası dəyişir
 
CNN-in ümumi nəticəsinə görə, Rusiya ordusunun bu yay irəliləyişi artıq tək-tək uğurlar seriyası deyil, ümumi müharibə balansını dəyişən bir hücum mərhələsinə çevrilib. Bu, Putini hədəflərinə bir qədər də yaxınlaşdırır.
 
Bu arada Ukrayna veteranı və "Aydar" taborunun keçmiş komandiri Yevgeni Dikiy bildirib ki, Pokrovskdan müdafiə qüvvələrinin çıxması hələlik dəqiq deyil, amma belə ehtimal var. Ukrayna hərbi mənbələri Pokrovsk və Mirnoqrad istiqamətində mühasirə riskinin artdığı barədə xəbərdarlıq edir. Hazırda azı üç briqadanın təhlükəli vəziyyətdə olduğu bildirilir.
Seçilən
20
moderator.az

1Mənbələr