AZ

“Rusiya öz aqresiyası ilə neytral ölkələri belə özünə qarşı birləşdirir” – Elçin Xalidbəyli – ÖZƏL

"Vaxtilə Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyanın NATO ilə silahlı toqquşma ehtimalı məhduddur. Yəni NATO ilə müharibə Rusiya üçün yolverilməz bir addımdır. Eyni zamanda, Qərbdə də hesab edilirdi ki,  NATO Rusiya ilə silahlı münaqişəyə səbəb olacaq addımlardan çəkinməlidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, lakin son vaxtlar elə bir vəziyyət yaranmağa başlayıb ki, hansısa mərhələdə  NATO ilə Rusiya arasında hərbi qarşıdurma reallığa çevrilə bilər: "Hazırda Rusiyadan narazı olan və ümumiyyətlə Rusiya təhlükəsini ciddiyə alan bəzi neytral dövlətlər öz mövqelərinə yenidən baxmağa başlayıblar. Bu dövlətlər bir-birinin ardınca NATO-ya üzv olurlar. Buna misal olaraq Finlandiya və İsveçi göstərmək olar. Artıq bu iki dövlət NATO-ya qoşulub və nəticədə Rusiyanın Qərb sərhədləri demək olar ki, tamamilə NATO-nun nəzarəti altına keçib. Beləliklə, Rusiyanın qərb tərəfdən yarım mühasirəsi faktiki olaraq tamamlanmış oldu. İndi isə neytral dövlətlər sırasında olan Avstriya da öz mövqeyini dəyişməyə başlayıb. Artıq bəyan olunub ki, yaxın vaxtlarda Avstriyada NATO-ya üzv olmaq məsələsi ciddi şəkildə gündəmə gətiriləcək. Bu isə onu göstərir ki, Rusiya agresiyası bir çox neytral ölkələri NATO-ya doğru yönəldir. Başqa sözlə, Rusiya öz davranışları ilə rəqiblərini, hətta rəqib olmayan ölkələri belə özünə qarşı birləşdirir. Bu baxımdan, Cənubi Qafqazda da buna bənzər proseslərin baş verməsi mümkündür".

E. Xalidbəyli qeyd edib ki, Gürcüstanın Rusiya ilə ciddi problemləri var. Ermənistanla Rusiya arasında da qarşıdurma davam edir. Eyni zamanda, son vaxtlar Rusiya tərəfindən Azərbaycana göstərilən təzyiqlər maksimum həddə çatıb. Bu baxımdan tamamilə mümkündür ki, Azərbaycan, eləcə də ümumilikdə Cənubi Qafqaz dövlətləri NATO ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaqda maraqlı olsunlar, heç olmasa təhlükəsizlik baxımından. Rusiya ilə NATO arasında hərbi qarşıdurmaya hazırlıq prosesinin başlaması da onu göstərir ki, belə bir toqquşma artıq qətiyyən istisna edilmir. Həmçinin NATO daxilində də yaxın gələcəkdə Rusiya ilə ola biləcək münaqişəyə hazırlıq işlərinin görüldüyü müşahidə olunur.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya  NATO-nun mühasirəsinə düşməkdədir. Əgər NATO Cənubi Qafqaza yerləşmək niyyətinə düşərsə, bu prosesin davamı da mümkündür. Belə olan halda, NATO-nun Xəzəryanı bölgəyə və daha sonra Orta Asiyaya yerləşmək üçün addımlar atacağı istisna deyil. Xüsusilə də nəzərə almaq lazımdır ki, Orta Asiya dövlətləri artıq tədricən Rusiyadan uzaqlaşıb Qərbə və ya digər istiqamətlərə yönəlməyə başlayıblar. Bütün bu proseslər onu göstərir ki, Rusiyanın agresiyası həm bu ölkənin təcrid olunmasına, həm də dünyanın müxtəlif dövlətlərinin ona qarşı birləşməsinə zəmin yaradır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr