AZ

Rusiya mediasında gərginlik: Azərbaycan hədəf alınır?

Kremlin əsas təbliğatçıları Vladimir Solovyov və Marqarita Simonyan yenidən efirdə Şuşada keçirilən Media Forumunu sərt tənqid edərək, forumda iştirak etmiş TASS-ın direktor müavini Mixail Qusman və politoloq Sergey Markovu “vətənə xəyanət”də ittiham ediblər. Ukraynalı jurnalist Kordona prezident tərəfindən səsləndirilən “heç vaxt işğalla barışmayın” çağırışı isə Kremlin içində ideoloji və geopolitik çatlar yaratdı. Buna görə də Solovyov-Simonyan ikilisi bu forumu hədəf alaraq hücuma keçdi.

Bəs Rusiyanın Azərbaycana qarşı bu təhdidi və əks-təbliğatı nə dərəcədə effektivdir?

Editor.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Rusiya Azərbaycanın əzəli və əbədi qonşusudur. Rusiya dünyanın ən böyük ərazilərindən birinə sahib olan və 1.600-dən çox yerüstü təbii sərvətlərlə zəngin bir dövlətdir. Bundan əlavə, Rusiya nüvə silahına malik olan və beynəlxalq aləmdə güc balansına təsir edən əsas oyunçulardan biridir:

 

“Belə bir dövlətlə sağlam münasibətlərin qurulması və qorunması Azərbaycan üçün həm dövlət, həm də milli maraqlar baxımından olduqca vacibdir.

Bu kontekstdə, 2022-ci ilin 22 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında 43 maddədən ibarət “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında” bəyannamə imzalanıb. Bu sənəd iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Onun hər bir müddəası iki ölkənin dövlət və milli maraqlarına uyğun hazırlanıb.

Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın Qərblə münasibətləri ciddi şəkildə pozulub. Belə bir vəziyyətdə Rusiyanın Cənub cinahında – yəni Azərbaycan və Türkiyə ilə əlaqələrinin gücləndirilməsi Moskva üçün alternativ çıxış yollarından biridir. Bu mənada Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq həm Moskvanın, həm də Bakının maraqlarına cavab verir.

Lakin ABŞ başda olmaqla Qərb bu münasibətlərin inkişafından narahatdır. Qərb dairələrinin Cənubi Qafqaz ölkələrini Rusiyaya qarşı bir alətə çevirmək istəyi dəfələrlə müşahidə olunub. Gürcüstanın keçmiş Baş naziri də açıq şəkildə bildirmişdi ki, Qərb bu ölkəni Rusiyaya qarşı ikinci cəbhə kimi istifadə etmək istəyib”.

Politoloqun sözlərinə görə, Qərb Ermənistan vasitəsilə də Rusiyaya təzyiq etməyə çalışır:

“Məhz Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanın üzərinə müxtəlif öhdəliklər qoyulub və bu gün Ermənistan bu istiqamətdə addımlar atır. Bu isə birbaşa Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətməyə yönəlib.

Azərbaycan isə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, qonşularla sülh və əməkdaşlıq şəraitində yaşamağa sadiqdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazisi üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq – nə Rusiya, nə də İran əleyhinə. Bu, Azərbaycanın müstəqil və balanslı xarici siyasətinin bir hissəsidir.

Son günlərdə Rusiya və Azərbaycan arasında informasiya müharibəsi müşahidə olunsa da, bu, əslində münasibətlərin görünən tərəfidir. Məsələnin dərin qatları daha mürəkkəb və geniş miqyaslıdır. Burada əsas sual ortaya çıxır: bu münasibətlərin pozulmasında maraqlı olan tərəflər kimlərdir?

Açıq şəkildə demək olar ki, bu maraqlı dairələr – başda ABŞ olmaqla Qərb ölkələri və Ermənistan – iki ölkə arasında münasibətlərin gərginləşməsini istəyir. Ermənistan uzun illərdir bu istiqamətdə fəaliyyət göstərir və bu, onların strateji xəttinə çevrilib.

Eyni zamanda, Rusiyanın siyasi elitasında, iqtisadi strukturlarında və media orqanlarında erməni diasporunun ciddi təsiri var. Bu təsir vasitəsilə Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa yönəlmiş psixoloji və informasiya savaşı aparılır.

Bütün bunlara baxmayaraq, hesab edirəm ki, yaranmış bu süni gərginlik dövlət başçılarının müdrik yanaşması nəticəsində tezliklə aradan qalxacaq. Əgər hansısa sahədə anlaşılmazlıq varsa, bu da yaxın zamanlarda həllini tapacaq. Azərbaycan üçün əsas prinsip – üçüncü tərəflərin manipulyativ planlarına alət olmadan, qonşu dövlətlərlə sağlam münasibətləri qorumaqdır. Xüsusilə də Rusiya kimi böyük və təsirli bir dövlətlə münasibətləri düşmənçiliyə çevirmək dövlət və milli maraqlarımıza ziddir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr