_(2).jpg)
"Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini Azərbaycan tərəfi heç vaxt arzulamayıb, bu gün də arzulamır. Azərbaycan, Rusiya ilə bərabərhüquqlu tərəfdaşlığın tərəfdarıdır. Yəni biz istəyirik ki, Rusiya dövləti bizə hörmətlə yanaşsın - necə ki, biz də Rusiya dövlətinə hörmətlə yanaşırıq. Yəni qarşılıqlı münasibət prinsipi işləsin: biz necə davranırıqsa, onlar da eyni münasibəti göstərsinlər."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Təəssüf ki, Rusiyanı idarə edənlər, başda Prezident Vladimir Putin olmaqla, hələ də qəbul etmək istəmirlər ki, Azərbaycan müstəqil dövlətdir və onun öz müstəqil siyasəti var. Bizim dövlətimiz Rusiyaya qarşı heç bir sıra-dışı və ya qərəzli addım atmayıb. Mövcud gərginliyin yaranmasında bir nömrəli günahkar Rusiya tərəfidir. Ona görə də bu cür narahatlıq və gərginliklər meydana çıxır.
İqtisadi əməkdaşlığımızın və insanlar arasındakı münasibətlərin davam etməsi təbiidir və bu proseslər davam edəcək. Lakin hazırkı gərginlik Azərbaycanı Rusiya ilə münasibətlərdə daha ehtiyatlı davranmağa məcbur edir. Bununla yanaşı, Rusiyanın son addımları Azərbaycan ictimaiyyətində, o cümlədən rusdilli vətəndaşlar arasında belə Rusiyaya qarşı mənfi münasibətin artmasına səbəb olub.
Bu vəziyyət müəyyən mənada Ukraynada baş verənləri xatırladır. Belə ki, Krımın işğalına qədər Ukrayna əhalisinin böyük hissəsi Rusiyaya müsbət yanaşırdı. Hətta 2014-cü ildən sonra da Rusiyaya loyal yanaşanlar az deyildi. Lakin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra vəziyyət radikal şəkildə dəyişdi və bu gün Ukrayna əhalisinin demək olar ki, əksəriyyəti Rusiyaya nifrət bəsləyir. Bu münasibətin yaranmasının səbəbkarı isə, təbii ki, Rusiya tərəfidir.
Azərbaycanla münasibətlərdə də eyni məntiq işə düşür. Gərginliyə səbəb olan addımları atan tərəf məhz Rusiyadır - bəzən sərnişin təyyarəmizə hücum edir, bəzən isə Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı zorakılıq edilir. Hətta onların evlərinə kobud şəkildə basqınlar təşkil olunur, qadın, uşaq demədən ailələr təhqir edilir. Bütün bunlardan sonra Rusiya Azərbaycandan hörmət gözləyir. Bu, mümkün deyil. Biz belə yanaşmaya hörmətlə cavab verə bilmərik.
Rusiya bu vəziyyətin səbəbini özü axtarmalıdır. Bu bir. İkincisi, artıq bütün dünyada belə bir qənaət formalaşıb ki, Rusiya Federasiyası adlı dövlət çökmə ərəfəsindədir. SSRİ kimi, Rusiya da tarixə qovuşacaq və onun yerində 41 yeni müstəqil dövlət yaranacaq. Azərbaycan da həmin yeni müstəqil dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq quracaq. Bunların arasında ən yaxın qonşumuz - qardaş Dağıstan da var. Üzü Şimali Qafqaza doğru - Çeçenistan, İnquşetiya, Adıgey, Qaraçay-Balkar və digər respublikalarla da ikitərəfli münasibətlər inkişaf etdiriləcək.
Bundan başqa, hazırda Rusiya daxilində olan və istila altında saxlanılan Tatarıstan, Başqırdıstan, Çuvaşıya, Xakasiya, Altay kimi türk respublikaları ilə də Azərbaycan yaxın münasibətlər quracaq. Bu dövlətlər müstəqillik əldə etdikdən sonra Türk Dövlətləri Təşkilatına üzv olacaqlar. Proseslər məhz bu istiqamətdə inkişaf edir və Rusiya Federasiyasının dağılmasının səbəbkarı Azərbaycan deyil - bu, birbaşa Rusiyanın öz siyasətidir: həm Azərbaycana, həm də digər respublikalara münasibəti."
İbrahim Məmmədli