PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının rəhbəri Abdullah Öcalanın qardaşı Mehmet Öcalan qardaşının hər hansı gizli planının olmadığını bildirib...
PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının rəhbəri Abdullah Öcalanın qardaşı Mehmet Öcalan qardaşının hər hansı gizli planının olmadığını bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, Şanlıurfa vilayətinin Halfeti rayonunun Ömərli kəndindəki evində "Türkiye Gazetesi"nə verdiyi müsahibəsində danışıb.
"O, bu qarşıdurmanın bitməsi məsələsində səmimidir. Bu tərksilah dövrü ilə bağlı geriyə dönüş olmayacaq. O, uzun müddət özünün haqq-hesabını apardığını və özünütənqidlə məşğul olduğunu deyir. Bu mənada o, bunun əvəzini ödəməyə də hazırdır. Birlikdə həyatı inşa etmək və gücləndirmək, öz təbirincə desək, körpü olmaq istəyir", - deyə Mehmet Öcalan qeyd edib.
"Axırıncı dəfə onu ziyarət etdiyim zaman birbaşa dövlətlə əlaqə saxladığını, vasitəçilərin aradan qalxdığını dedi. İndiki prosesdən çox ümidlidir. Silahı yerə qoymaq və bundan sonra atılacaq addımlarla bağlı hər hansı gizli niyyətinin olmadığını, sülhün bərqərar olması istiqamətində dövlətin atmalı olduğu addımlarla bağlı vaxt itirməməli olduğunu ifadə etdi", - deyə Mehmet Öcalan əlavə edib.
"Biz birlikdə addımlamaq istəyirik. Çünki tarix, mədəniyyət və inanc kimi bir çox sahədə ortaq nöqtələrimiz var. Proses uğurlu olarsa, Türkiyə sözün əsl mənasında, bir supergücə və regionda əsas oyunçuya çevriləcək", - deyə o, vurğulayıb.
Abdullah Öcalanın uşaqlıq dostu Halit Kahraman da məsələ ilə bağlı fikrini bildirib.
O, PKK təhdidləri səbəbindən 28 ilini Almaniyada keçirdiyini deyib.
"Mən kürdəm, amma bizim yerimiz Rəcəb Tayyib Ərdoğan, müsəlman türklər və kürdlərin yanındadır. PKK çox böyük bir tələ idi, hamımıza baha başa gəldi. Öcalanla uşaqlığımız bir yerdə keçib. Əslində, qorxaq bir təbiətə sahib idi. İslamı öyrənməyə həvəsli idi. Atası Ömər bəy çox dindar adam idi, amma Ankarada tanış olduğu insanlar onu dinindən, tarixindən, mədəniyyətindən qopardılar. Dövlətimiz daha sonra tədbir gördü, hamımız rahatlaşdıq", - deyə o qeyd edib.