“Düşmənimin düşməni mənim dostumdur” anlayışı ilə qurulan bu cür ittifaqlar İsrailin uzunmüddətli maraqlarına zərər verə bilər
Beynəlxalq münasibətlərdə güc balansları sürətlə dəyişir. Dövlətlər öz maraqlarını qorumaq üçün müxtəlif ittifaqlara üz tuturlar.
“Şimali Kipr (Şimali Kipr Türk Cümhuriyyəti -red.) İsrail üçün təhlükəsizlik probleminə çevrilib”.
Bu barədə “Israel Hayom” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, İsrail Yunanıstan və Cənubi Kiprlə əməkdaşlıq edərək bölgə üçün fövqəladə vəziyyət planı hazırlamalıdır.
İsrail nəşrinin fikrincə, belə bir əməliyyat Türkiyəni zərərsizləşdirəcək.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Dünyada hakimiyyət mübarizəsi davam edir. Bu çərçivədə hər gün yeni ittifaqlar yaranır. İsrailin Cənubi Kipr Rum Administrasiyası və Yunanıstan ilə əməkdaşlığı, Türkiyənin bölgədəki təsirini azaltmağa çalışması yeni məsələ deyil.
Bu planlar uzun illər müxtəlif formalarda irəli sürülüb. Lakin bu şəkildə qurulan ittifaqla Türkiyənin regional gücünü zəiflətmək mümkün deyil. Çünki Aralıq dənizi təkcə enerji resursları baxımından deyil, həm də ticarət yolları və geosiyasi yerləşmə baxımından yüksək strateji bölgədir".
General bölgədəki zəngin karbohidrogen yataqlarının, logistik imkanlar və qlobal ticarət yollarının Türkiyənin əhəmiyyətini günü-gündən artırdığını söyləyib:
"Yeni ittifaqların yaranması təbiidir. Amma İsrail, Yunanıstan və Cənubi Kiprin birlikdə hərəkət etməsi Türkiyə üçün ciddi təhlükə yaratmır. Bəzi məhdud təsirlər ola bilər. Lakin bu təsirlər Türkiyənin ümumi mövqeyini zəiflədəcək səviyyədə deyil. Bu məsələyə bəzən Ermənistan da qoşulur. Çünki Türkiyənin artan gücündən təsirlənən və bunu özünə problem edən ölkələr birlikdə bu cür müxtəlif ittifaqlar qurmağa çalışırlar. Ümumiyyətlə Türkiyə sıradan bir ölkə deyil. Min illik dövlət ənənəsi, coğrafiyasında tarixi və strateji çəkisi olan qüdrətli dövlətdir".
Yücel Karauz İsrailin bu cür addımlardansa, qarşılıqlı maraqlar əsasında əlaqə qurmasının onun perspektivi üçün daha yaxşı olacağını bildirib:
"İsrailin bu cür qısamüddətli və sonu olmayan ittifaqlara üz tutmağındansa, Türkiyə ilə qarşılıqlı maraqlar əsasında konstruktiv münasibətlər qurması daha məqsədəuyğun olardı. “Düşmənimin düşməni mənim dostumdur” anlayışı ilə qurulan bu cür ittifaqlar ilk növbədə İsrailin uzunmüddətli maraqlarına zərər verə bilər".