Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, Ermənistan da indi başa düşür ki, bu yol açılmalıdır - hətta bu yol onların özünə də böyük fayda gətirəcək:
" Bəyanat imzalandıqdan sonra Azərbaycan və Türkiyə tərəfindən yolun inşasına başlanıldı. Biz artıq demək olar ki, yolun öz ərazimizdəki hissəsini tamamlamışıq. Lakin Ermənistan ərazisindən keçən 43 kilometrlik məsafə hələ də qalır. Əvvəllər Ermənistan buna yaxın durmurdu. İran da bu məsələdə onlara dəstək göstərdi və bildirdi ki, bu, İran üçün "qırmızı xətt"dir. Ancaq son zamanlar Ermənistan da bu barədə danışmağa başlayıb. Mən hesab edirəm ki, Paşinyanın Türkiyəyə rəsmi səfəri və orada Rəcəb Tayyib Ərdoğanla görüşü də bu məsələdə dönüş nöqtəsi oldu. Böyük ehtimalla həmin görüşdə Ərdoğan Paşinyana bu yolun açılmasının vacibliyini bildirib. Həmçinin Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən ikitərəfli və nümayəndə heyətlərinin görüşlərində də bu məsələ müzakirə olundu. Hesab edirəm ki, diqqət məhz bu məsələyə yönəlib. Sülh müqaviləsinin bağlanması üçün əsas şərtlərdən biri də budur. Yəni üçtərəfli bəyanatda göstərilən əsas bəndlərdən biri budur. Artıq Ermənistan da dərk edir ki, bu dəhlizin açılması - yəni Ermənistan ərazisindən keçərək Orta Asiyadan Çinə, Hindistana, Avropaya çıxış əldə edilməsi onlar üçün də taleyüklü və zəruri məsələdir. Əgər bu dəhliz fəaliyyətə başlasa, Ermənistan özü də bundan böyük fayda əldə edəcək.
İkinci məsələ isə budur ki, Zəngəzur bizim əzəli və əbədi torpağımızdır. Lakin sovet hökuməti qurularkən bu torpaqlar xalqın iradəsinə və hər hansı parlament qərarına zidd olaraq Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verildi. Beləcə, bizi Naxçıvandan ayırdılar. İndi isə yeni bir dünya düzəni formalaşır və bu düzəndə biz istəyirik ki, Azərbaycandan Azərbaycana - yəni əsas ərazimizdən Naxçıvana maşın və dəmir yolu ilə sərbəst şəkildə gedib-gələ bilək. Məhz bu səbəbdən üçtərəfli bəyanatın 9-cu maddəsində göstərilib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bir dəhliz açılmalıdır. Mən hesab edirəm ki, bu mütləq baş verəcək.
Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, bu yol açılacaq - Paşinyan istəsə də, istəməsə də. Bu yolun açılması bizim üçün təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən çox vacibdir. Biz bu yolu açacağıq. Ermənistan da artıq başa düşür ki, bu yol açılmalıdır. Hətta bu yol onların özünə də böyük fayda gətirəcək. Ermənistan blokadadan çıxacaq, Azərbaycan və Türkiyə ilə kommunikasiyalar bərpa olunacaq və nəticədə Ermənistan inkişaf etməyə başlayacaq. Amma buna mane olan qüvvələr də var. Azərbaycan Prezidenti bildirib ki, biz bu məsələni müharibə yolu ilə deyil, sülh və diplomatik yolla həll edəcəyik. Doğrudan da bu diplomatik xətt artıq nəticəsini verməyə başlayıb. ABŞ-də Bayden administrasiyası dövründə Dövlət Katibinin müavini Ochr("39")Brayn Azərbaycana səfər etdi, Prezident İlham Əliyevlə görüşdü və görüşdən sonra bildirdi ki, çox konstruktiv bir görüş keçirilib. O, həmçinin qeyd etdi ki, Orta Asiyanın təbii sərvətlərinin Avropaya və Asiyaya daşınması üçün bu yol çox vacibdir və açılmalıdır.
Ermənistan bu yolun açılmasına icazə vermədiyinə görə Azərbaycan İranla müqavilə bağladı və alternativ marşrutun tikintisinə başlandı. Bu isə Ermənistanı çaşqın vəziyyətdə qoydu. Ancaq son dövrlərdə, qeyd etdiyim görüşlərin nəticəsi olaraq, Ermənistan rəhbərliyi də artıq anlayır ki, bu yol açılacaq. ABŞ-nin Türkiyədəki səfiri Barak bildirdi ki, bu yolu bir özəl şirkət yüz illik icarəyə götürə və təhlükəsizliyini təmin edə bilər. Bundan sonra yeni diskusiyalar başladı.
Ermənistan rəsmiləri Sünik bölgəsinə səfər edərək həmin əraziyə baxış keçirdilər, ölçülər götürdülər. Hətta Ermənistan prezidenti Xaçaturyan da ora səfər etdi və o da bəyan etdi ki, bu yolun açılması Ermənistana böyük gəlir gətirəcək. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti bu məsələdə həmfikirdir və rəhbərlik artıq bu qərarı qəbul edib.
Hesab edirəm ki, Ermənistanın müxalif yönümlü politoloqları da müəyyən mənada prosesə təsir göstərir. Ermənistan anlayır ki, Azərbaycanla müharibə edə bilməz. Əgər belə bir hal baş versə, Azərbaycan öz digər işğal altında qalan torpaqlarını da geri ala bilər. Amma Azərbaycan bunu istəmir. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və biz sadəcə olaraq razılaşdırılmış, üçtərəfli bəyanatda göstərilmiş yolun açılmasını tələb edirik. Bu tələb də artıq reallaşmaq üzrədir.
Ermənistanın Kommunikasiya Naziri Türkiyədə olub, Türkiyənin Nəqliyyat naziri Abdulkadir Uraloğlu ilə görüşlər keçirib. Bu o deməkdir ki, artıq Ermənistan tərəfi də məsələyə ciddi yanaşmağa başlayıb.
Hesab edirəm ki, bu dəhliz açılacaq və bu dəhliz həm Azərbaycana, həm Ermənistana, həm Türkiyəyə, həm də digər ölkələrə böyük fayda verəcək. Çünki bu yolun açılması əvvəlki marşrutlarla müqayisədə yüklərin daşınmasında 12 günlük üstünlük yaradacaq.
Ona görə də bu yolun açılması yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz ölkələri üçün də mühüm əhəmiyyət daşıyır".
Zeynəb Mustafazadə