Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Erməni lobbisinin təsiri altında olan bir sıra fransız deputatların ardıcıl şəkildə Azərbaycan əleyhinə qətnamələr və bəyanatlarla çıxış etməsi, Fransanın neytral vasitəçi kimi çıxış etmək imkanlarını tamamilə sıradan çıxarır. Belə davranış həm ATƏT-in keçmiş Minsk Qrupu formatında, həm də postmüharibə dövründə sülh təşəbbüslərində Fransanın rolunu şübhə altına alır.
Digər tərəfdən, Fransa Cənubi Qafqazda siyasi və iqtisadi nüfuzunu itirməkdə olduğunu dərk edir. Xüsusilə 2020-ci ildən sonra regionda formalaşan yeni reallıqlar - Azərbaycanın suveren ərazilərində nəzarəti bərpa etməsi və Türk dövlətləri ilə artan əməkdaşlıq - Parisin maraqlarına uyğun gəlmir. Bu səbəbdən Fransa Ermənistanı geosiyasi alət kimi istifadə edərək regionda təsirini qorumağa çalışır. Lakin bu siyasət nəticə vermir və əksinə, Fransa ilə Azərbaycan arasında diplomatik münasibətləri gərginləşdirir.
Sonda qeyd etmək lazımdır ki, Parisdə "təzyiq" ritorikasına söykənən teatrvari çıxışlar nə Bakının iradəsini sarsıda, nə də regionda sabitlik və əməkdaşlıq perspektivinə töhfə verə bilər. Azərbaycan beynəlxalq hüququn və suveren bərabərlik prinsipinin təminatçısı olaraq, belə əsassız təşəbbüslərə qarşı qətiyyətlə cavab verməkdə davam edəcək."
İbrahim Məmmədli