AZ

"İsrail Suriya ilə anlaşmazsa, bu, Türkiyənin prosesə müdaxiləsinə yol aça bilər" - AÇIQLAMA

Bu gün Bakıda Suriya və İsaril arasında nazirlər səviyyəsində görüş baş tutacaq.

Görüşün məhz Azərbaycanda keçirilməsinin səbəbi nədir, görüşdən hansı nəticələr əldə oluna bilər?

Redaktor.az-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, bundan öncə də Fransada Suriya-İsrail rəsmilərinin görüşü keçirilmişdi:

"Bu görüşlər sadəcə tərəflərin maraqlarını və qırmızı cizgilərini müəyyənləşdirəcək ortaq dil tapa biləcək anlaşmaya yaxınlaşdırır. Ancaq bütün bu problemləri danışmadan həll etmək mümkün deyil. Çox xoşdur ki, növbəti dəfə danışıqlar platforması Bakıda, Azərbaycanın paytaxtında baş tutacaq. Bu, dünya miqyasında artıq türklərin - həm istər qardaş Türkiyənin, həm də Azərbaycan dövlətinin - bu yöndə, yəni sülhün əldə olunması, müharibələrin dayandırılması, münaqişələrin sülhlə və əməkdaşlıqla əvəz olunması yönündə fəaliyyətini açıq şəkildə ortaya qoyur. Yəni bir növ həqiqətən də türklər, türk şüuru dünyanın vicdanına çevirilir. Bu gün əgər belə bir görüş növbəti dəfə Bakıda baş tutursa, bu, Azərbaycana olan etimad, eyni zamanda Azərbaycanın sülhpərvər siyasəti ilə əlaqəlidir. Ancaq konkret siyasi nəticələrdən hələlik danışmaq mənə elə gəlir ki, bir az çətindir".

Müsahibimizin sözlərinə görə, İsrailin hələ də açıq şəkildə nə istədiyi bəlli deyil.

"Bəlli olmuş olsa da, bu, Suriyanın təhlükəsizlik maraqlarını təhdid edən səviyyədə olduğu üçün Suriya tərəfindən qəbul olunmur. Bundan başqa, bir də qardaş Türkiyənin regionda təhlükəsizliklə bağlı konkret maraqları, təlaşları var. Ona görə bütün bu prosesdə bir də Türkiyənin maraqları nəzərə alınaraq danışıqlar aparılır. Əgər İsrail həqiqətən də öz aqressiv siyasətini dayandırmazsa, nəinki Bakıda, bundan sonrakı görüşlərdə də konkret hansısa siyasi nəticələrin əldə olunması mümkünsüz olacaq. Paralel olaraq bir də bu görüşləri sadəcə Suriya-İsrail arasında getdiyini düşünmək bəsit düşüncə olardı. Bu prosesin içərisində həm də Amerika Birləşmiş Ştatlarının iradəsi var. Amerika Birləşmiş Ştatları bu gün Suriyada stabillik tərəfdarıdır. Yəni müəyyən mənada stabilliyin baş verməsi, bu aqressiyanın, müharibələrin, münaqişələrin, bombardmanların dayandırılması üçün İsrail rəhbərliyinə də təsir etməyə davam edir. Ona görə də düşünürəm ki, bu, davamlı bir prosesdir. Əgər həqiqətən də hər iki tərəf açıq və konkret siyasi nəticələrə yönəlik bir danışıqlar apararsa, əminəm ki, burada konkret hansısa qısa müddətdən sonra nəticələr əldə etmək mümkün olacaq. Çünki bu məsələlərə, yəni sadəcə Suriya-İsrail kontekstində baxmaq lazım deyil. Bu məsələ böyük bir mənzərəni özündə ehtiva edir", - deyə o bildirdi.

Natiq Mirinin fikrincə, İsrailin Qəzzaya hücumları, eyni zamanda Livanda Hizbullaha qarşı əməliyyatları, bu gün İsrail-İran arasında hələ də yeni münaqişənin alovlanması təhlükəsinin var olması da prosesin tərkib hissəsi kimi görünür:

"Ona görə də bu məsələlər ciddi müzakirə predmeti olmalı, eyni zamanda İsrailin Suriyadakı milli azlıqlardan istifadə edərək bir vətəndaş müharibəsini tətikləmək, Suriyanı parçalamaq və zəiflətmək siyasətinə son qoymasına ehtiyac var. Əks təqdirdə düşünürəm ki, bu məsələ artıq Suriya-İsrail qarşıdurmasından daha böyük bir qarşıdurmaya yönəlik bir inkişaf olacaq. Bu da artıq sadəcə Suriya-İsrail deyil, artıq Türkiyənin prosesə müdaxiləsinə yol aça bilər. Bunu təbii ki, İsrailin əsas müdafiəçisi olan Amerika Birləşmiş Ştatları da çox gözəl anlayır".

Politoloq bildirdi ki, çox həssas vəziyyətin olduğu gerçəyini İsrail rəhbərliyi də anlamalıdır.

"Yalnız bu yöndə anlaşmalar, əməkdaşlıq, sülh çərçivəsində perspektivdə İbrahim anlaşmasından söhbət gedə bilər. Bu da böyük bir regiona sülh və əməkdaşlıq, əməkdaşlığın bərqərarlaşdırılması prosesi gətirəcək. Ona görə bir tərəfdə tərəzinin gözündə insanları məhv edən münaqişə, müharibə, başqa tərəfdə sülh və əməkdaşlıq və ticarət məsələləri qoyulmalıdır. Düşünürəm ki, İbrahim anlaşması da bu gün ABŞ-nin maraqları kontekstində olduğu üçün və bu siyasətin icra oluna bilməsi üçün İsrailin aqressiyasının dayandırılmasına ehtiyac var. Yalnız bundan sonra konkret hansısa ciddi siyasi nəticələrdən danışmaq mümkün olacaq. O vaxta qədər də təbii ki, danışıqlar davam edəcək və bu danışıqlar məkanı olaraq Azərbaycanın paytaxtının seçilməsi həm dövlət, həm millət adına çox xoş və uğurlu bir göstəricidir", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
9
redaktor.az

1Mənbələr