AZ

Sabirabadda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş seminar keçirilib

Sabirabad, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda seminar keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Diqqətə çatdırılıb ki, bu sahədə aparılan işlər bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir və biz tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd edirik.

Sonra YAP Sabirabad rayon təşkilatının aparat rəhbəri Daşqın Şıxəliyev çıxış edərək bildirib ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir və həmçinin suverenliyimizin təminatçısıdır. Bildirilib ki, bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutaraq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir. Həmçinin qeyd edilib ki, ölkəmiz suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.

Daha sonra Sabirabad rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Babaş Babaşov, “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

Qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

 

Seçilən
7
azertag.az

1Mənbələr