2021-ci ildə yaradılmış Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli komissiyası isə faktiki olaraq fəaliyyətsiz qalır.
"Hazırkı mərhələdə qalan dörd kəndin məsələsinin danışıqlar yolu ilə həlli, təbii ki, Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan istəyir və çalışır ki, bu məsələ həll olunsun və düşünürəm ki, bu baş verəcək".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ancaq bu gün müşahidə edirik ki, hələlik proses irəliləmir. Yəni Azərbaycan tərəfi danışıqların aparılmasında maraqlıdır, amma Ermənistan tərəfi hələlik buna maraq göstərmir. Halbuki Əbu-Dabi görüşündə razılıq əldə olunmuşdu ki, komissiyalar işləsin, işçi qruplar yaradılsın:
"Bu ayın əvvəlində Əbu-Dabidə Prezident İlham Əliyev və Paşinyan arasında keçirilmiş görüşdə razılaşdırılmışdı ki, işçi qrupu yaradılıb aktiv şəkildə fəaliyyət göstərsin. Lakin təəssüf ki, bu görüşdən 20 gün keçməsinə baxmayaraq, hələ də Ermənistan tərəfindən heç bir addım atılmayıb. Bildiyiniz kimi, Paşinyan avqustun 16-na qədər məzuniyyətdə olduğunu elan edib. Halbuki bu prosesin aktiv şəkildə aparılması nəzərdə tutulmuşdu".
Şakir Ağayevin sözlərinə görə, Ermənistan daxilində keçiriləcək seçkilərə qədər bu proses yalnız Ermənistanın verdiyi boş vədlərlə davam edəcək. Paşinyan tez-tez fərqli fikirlər səsləndirir, bir gün başqa deyir, ertəsi gün tam əksini bildirir. Amma real addımlar atmır. Çünki 2026-cı ilin iyununda Ermənistanda seçkilər keçiriləcək, yəni təxminən 11 ay sonra. Paşinyanın bugünkü vəziyyəti isə onun hakimiyyətini tam qane etmir. Reytinqi hazırda 36% səviyyəsindədir. Paşinyan hesab edir ki, hər hansı ciddi addım onun seçki nəticələrinə mənfi təsir göstərə bilər. Buna görə də mən daim demişəm: nə konstitusiya ilə bağlı, nə sülh sazişinin bağlanması ilə, nə də Minsk Qrupu məsələsi ilə bağlı Paşinyanın seçkilərə qədər real addım atmaq niyyəti yoxdur. Ona görə də bu imkanlar hələlik real addımlardan uzaqdır.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasına gəlincə isə, bu komissiya yaradılıb, amma cəmi bir-iki dəfə görüş keçirilib, sonradan fəaliyyət göstərməyib:
"Bu, təbii ki, Azərbaycanın günahı üzündən baş verməyib. Azərbaycan üçün fərqi yoxdur, amma Ermənistan tərəfi bu danışıqların davam etdirilməsində maraqlı olmayıb. Komissiyanın ləğvi üçün isə imza atan üç tərəfin də razılığı lazımdır. Əgər üç tərəf razılaşarsa, komissiya rəsmi şəkildə ləğv edilə bilər. Hal-hazırda isə komissiya faktiki olaraq fəaliyyət göstərmir, işçi səviyyəsində də heç bir iş aparılmır. Bu səbəbdən də komissiyanın varlığı və ya olmaması Azərbaycan üçün o qədər də əhəmiyyət kəsb etmir. Azərbaycan hazırda əsasən ikitərəfli danışıqlara üstünlük verir, iki ölkə arasında ayrıca komissiya fəaliyyət göstərir və bu proses davam edir. Aydın görünür ki, Azərbaycan öz mövqeyini əsaslandırılmış şəkildə və ardıcıl prinsiplər əsasında həyata keçirməkdədir. Əgər hansısa proses getmirsə, onun ləğvi də labüddür. Mövcud durumda bu üçtərəfli komissiyanı da razılaşma əsasında ləğv etmək mümkündür. Bu baxımdan, Azərbaycan üçtərəfli delimitasiya danışıqları çərçivəsində gələcək nəticələrə uyğun olaraq müvafiq addımlar atacaq".
Səidə Ramazanova