Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunan neftin həcmini artırmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bunu, Qazaxıstanın Energetika naziri Yerlan Aqqenjenov deyib.
O, qeyd edib ki, 2024-cü ildə bu marşrutla təxminən 1,4 milyon ton neft nəql edilib, 2025-ci ildə isə bu göstəricinin 1,7 milyon tona çatdırılması nəzərdə tutulur.
Nazir bildirib ki, 2025-ci ilin ilk altı ayı ərzində Qazaxıstan həmin marşrutla 800 min ton neft nəql edib.
Qazaxıstan Prezidenti Administrasiyasının Mətbuat Xidməti daha əvvəl məlumat vermişdi ki, iyulun 29-da Ankarada keçirilən görüşdə Qazaxıstan və Türkiyə liderləri Qasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan BTC neft kəməri ilə ixrac həcmlərinin artırılması məsələsini müzakirə ediblər. Tokayev Türkiyə şirkətlərini ölkəsində elektrik enerjisi çatışmazlığının azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib.
Xatırladaq ki, 2022-ci ildə Prezident Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş vermişdi. Bu məqsədlə Qazaxıstanın “KazMunayGaz” və Azərbaycanın “SOCAR” şirkətləri arasında ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan razılaşma imzalanıb.