"Biz həyəcandan ölürük, onlar isə narahat deyil..."
Tanınmış israilli jurnalist Ben Kaspit baş nazir Binyamin Netanyahunun davranışlarını "mafiyaya xas" adlandıraraq onu açıq şəkildə ittiham edib
Moderator.az xəbər verir ki, bu barədə o, "Maariv" qəzetində dərc olunmuş məqaləsində yazıb.
Kaspit qeyd edir ki, Netanyahunun bəzi çıxışları və münasibət tərzi dövlət liderinə deyil, Siciliya mafiyasının başçısına bənzəyir.
"Narahat olma, Kobi" - mafiyaya xas himayə
Tənqidə səbəb olan son hadisə isə Netanyahunun İsrail Həbsxanalar Xidmətinin rəhbəri Kobi Yaakovi haqqında dediyi bir cümlə olub. Hazırda istintaq altında olan Yaakovi ilə bağlı Netanyahunun çıxışı zamanı dediyi "Narahat olma, Kobi" ifadəsi Kaspitin diqqətindən yayınmayıb. "Mən bunu dövlət başçısından deyil, mafiyadan eşidirəm. Bu, mafiozum davranışıdır", - jurnalist yazır.
Təkrarlanan üslub: hamıya bir eyni mesaj
Ben Kaspit əlavə edir ki, bu, Netanyahunun ilk belə çıxışı deyil. Baş nazirin keçmiş müşaviri Ofer Qolan da oxşar ifadə ilə qarşılaşıb: "Narahat olma, biz səninləyik". Jurnalistin fikrincə, bu cür cümlələr sırf hüquqi və ya siyasi kontekstdən çıxıb - artıq bu, "mafiya davranış mədəniyyətinin" bir hissəsinə çevrilib.
Jurnalist daha sonra bu mədəniyyətin izlərini digər şəxslərlə münasibətlərdə də gördüyünü yazır: Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfir Yosi Şelli, Şlomo Filber, Tsvi Hauzer, Yoaz Hendel, Yoxanan Loker və David Şaran. Hamısına bir cür "qorunma zəmanəti" verilir.
“Əslində narahat olan bizik, xalqdır”
Sonda Ben Kaspit bu davranışları "təsadüfi hallar deyil, bütöv bir sistemin əlaməti" adlandırır. Onun sözlərinə görə, "nə qədər ki bu "narahat olma"lar davam edir, ölkə yavaş-yavaş dağılır".
Jurnalist belə nəticəyə gəlir: "Əslində narahat olmalı olanlar sadə insanlar- işləyən, vergi ödəyən, ölkəsinin gələcəyini düşünənlərdir. Biz isə bu həyəcan və narahatlıqdan ölüb gedirik".
Jurnalistin bu xəbərdarlığı İsrailin siyasi elitasında gedən dərin etimadsızlığın və cəmiyyətlə siyasi rəhbərlik arasında artan uçurumun növbəti nümunəsidir.