AZ

Tam xoşbəxtlik yaşlandıqca azalır - ABŞ tədqiqatıçıları

Finss.az - Əsrlərdir xoşbəxtlik anlayışı insanları düşündürür: “Necə daha xoşbəxt ola bilərik?”, “Xoşbəxt olmaq nə deməkdir?” Bu suallara dəfələrlə cavab axtarılıb, amma görünür, işin içində düşündüyümüzdən daha çox paradoks var.

Kaliforniyada aparılan bir araşdırma maraqlı nəticələr ortaya qoyub: xoşbəxt olmağa çalışmaq – insanı xoşbəxt etmək əvəzinə – onu daha da gərgin və narazı edə bilər.

Səbəbi isə sadədir. İnsanlar çox zaman xoşbəxtliyi yalnız pozitiv emosiyalarla əlaqələndirirlər. Halbuki, real həyat bu qədər ağ-qara deyil. Məsələn, ən gözəl günlərdə belə içimizdə bir narahatlıq, bir qorxu, bəzən də izaholunmaz bir kədər peyda ola bilər. Və bu, tamamilə normaldır.

15–90 yaş aralığında olan könüllülərlə aparılan tədqiqat göstərib ki, yaş artdıqca insanın “tam xoşbəxtlik” yaşamaq ehtimalı azalır. Çünki həyat təcrübəsi ilə birlikdə hisslər də daha mürəkkəbləşir. Psixoloqlar bunu belə izah edirlər: insan yaşlandıqca duyğular daha tez-tez bir-birinə qarışır – sevincin içində bir az qorxu, rahatlığın içində azca narahatlıq gizlənə bilər.

Bəs nəticə nədir? Elmi tədqiqatçılar deyirlər ki, xoşbəxtliyi hər zaman mükəmməl bir hal kimi təsəvvür etmək bizi yanıldır. Əslində, bu hissin təbiəti elə dəyişkən və qeyri-müəyyən olmaqdır. Ona görə də xoşbəxt olmağa can atmaq əvəzinə, həyatın içindəki real, bəzən qarışıq, amma gerçək duyğuları qəbul etməyi öyrənmək lazımdır.

Yəni xoşbəxtlik – axtardıqca qaçan, qəbul etdikcə yaxınlaşan bir hissdir.

Seçilən
26
fins.az

1Mənbələr