AZ

Tıxaclara son - Daha çox ərazi metro ilə əhatə olunacaq

Yazını böyüt
Yazını kiçilt

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib. Müqavilə çərçivəsində yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur. Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, 45 ildən artıq beynəlxalq təcrübəyə malik olan “Yüksel Proje”nin adı dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısındadır. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və “ISO 9001”, “ISO 14001” və “ISO 45001” beynəlxalq sertifikatlarına sahibdir.

Yeni əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr Bakı Metropoliteninin strateji inkişafına mühüm töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq, sərnişin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirir ki, metro xətləri nə qədər genişlənərsə bir o qədər də yollarda sıxlıq azalacaq:

“Bakı metropolitenində əvvəllər əsas qrafiklərdə müəyyən çətinliklər mövcud idi. Xüsusilə bəzi xəttlər üzrə qatarların hərəkət cədvəlləri üst-üstə düşür, bu isə həm sıxlığa, həm də vaxt itkilərinə səbəb olurdu. Ən böyük problemlərdən biri də metrostansiyalarda intervalların azaldıla bilməməsi idi. Bu kimi məsələlərin həlli üçün kompleks yanaşmalar vacib idi. Son illərdə metro infrastrukturunda atılan addımlar-yaşıl və qırmızı xəttlərin ayrılması, yeni çəhrayı və bənövşəyi xəttlərin istifadəyə verilməsi, əlavə depo xətlərinin çəkilməsi bu problemlərin aradan qaldırılmasına xidmət edir”.

A.Əsədov onu da deyir ki, burada əsas məqsəd sərnişinlərin daha rahat, təhlükəsiz və operativ şəkildə təyinat nöqtəsinə çatmasını təmin etməkdir. Metro stansiyalarının sayının artması və xətlərin genişləndirilməsi sərnişinlərin hərəkət imkanlarını asanlaşdırır və ictimai nəqliyyata marağı artır.

Onun sözlərinə görə, metro xətlərinin davamlı şəkildə genişləndirilməsi həm şəhərin nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, həm də ekoloji yükün azaldılmasına töhfə verir:

“Gələcək layihələr sayəsində daha çox ərazi metro ilə əhatə olunacaq. Bu isə vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına, vaxt itkisinin azalmasına və iqtisadi səmərəliliyin artmasına səbəb olacaq”.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev son zamanlar şəhərdə tıxacların artmasının ciddi problem olduğunu önə çəkir.

Onun sözlərinə görə, bunun əsas səbəbi isə avtomobillərin sayının sürətlə artmasıdır:

“Vətəndaşlar hələ də daha çox şəxsi avtomobillərdən istifadə etməyə üstünlük verirlər, bu da şəhər daxilində tıxacların daha da pisləşməsinə gətirib çıxarır. Təbii ki, tıxaclarla mübarizə aparmaq üçün ən səmərəli yollardan biri ictimai nəqliyyatın inkişafıdır. Məlumdur ki, inkişaf etmiş ölkələrdə bu sistem uzun illərdir ki, effektiv şəkildə tətbiq edilir. Məsələn, müasir şəhərlərdə metro, tramvay və avtobus sistemlərinin genişlənməsi ilə tıxacların azalmasına nail olunub. Şəhər daxilində metroların sayı artırılarsa, çoxsaylı sürücülər şəxsi avtomobilləri bir kənara qoyaraq ictimai nəqliyyata keçəcəklər. Bu isə tıxacların azaldılmasında əhəmiyyətli bir rol oynayacaq. Bakı şəhəri üçün də metroların sayını artırmaq, yeni xətlərin çəkilməsi və mövcud sistemin təkmilləşdirilməsi vacibdir. 2030-cu ilə qədər şəhərdə 10 yeni metro xəttinin tikintisi planlaşdırılır. Bu, şəhərin müxtəlif bölgələrində yaşayan və işləyən insanlar üçün daha rahat və sürətli nəqliyyat vasitələri təmin edəcək. Bu layihənin həyata keçirilməsi həmçinin şəhər daxilindəki sıx nəqliyyat axınını yüngülləşdirəcək və tıxacların qarşısını alacaq. Ümid edirik, bu təşəbbüs nəinki şəhər nəqliyyatının yaxşılaşdırılmasına, həm də ətraf mühitin qorunmasına müsbət təsir göstərəcək. Metronun artan istifadəsi ilə şəxsi avtomobillərin sayının azalması, atmosferdəki zərərli qazların səviyyəsinin düşməsinə kömək edəcək və şəhərin daha yaşıl və təmiz olmasına şərait yaradacaq. Bu cür tədbirlər şəhər həyatını daha rahat və ekoloji cəhətdən dostyana edə bilər”.

Seçilən
21
hafta.az

1Mənbələr