AZ

Azərbaycan dili: Milyonlarla insanın kimliyi,mənəvi dəyəri,milli sərvəti və tarixi irsi - ÖZƏL

"Dil, din, mədəniyyət, tarix və mənəvi dəyərlər hər bir xalqın milli identikliyinin əsas və həlledici əlamətləridir.
Milli identikliyi olmayan xalq nə inkişaf edə, nə də öz mövcudluğunu qoruya bilər. Tarix boyunca xalqların səhnədən silinməsinin əsas vasitələrindən biri onların milli identikliyinin tədricən aradan qaldırılması olmuşdur. Azərbaycan xalqı uzun əsrlər boyu öz milli kimliyini - yəni milli özünəməxsusluğunu - qoruyub saxlamaq uğrunda mübarizə aparmışdır. Bu milli kimliyi müəyyən edən əsas amillərdən biri isə Azərbaycan dilidir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan dili dünya dilləri arasında çoxsaylı dillərdən biri olmaqla, milyonlarla insanın identifikasiyasını - yəni milli özünəməxsusluğunu - təmin edən başlıca vasitədir. Bu dil təkcə Azərbaycanda yaşayan on milyonluq əhalinin yox, eyni zamanda Azərbaycan xalqını təmsil edən digər etnik qrupların da ünsiyyət vasitəsidir. Bununla yanaşı, Azərbaycan dili İranda, Türkiyədə, İraqda, Suriyada və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də ortaq dildir.

Azərbaycan dilinin böyük bir toplumun dili kimi qorunub saxlanması mühüm məsələdir və bu dilin tarix boyu keçdiyi inkişaf yolu geniş və zəngindir. Digər tərəfdən, onun müstəqil bir dövlətin rəsmi - dövlət dili kimi təsdiqlənməsi ayrıca və mühüm bir tarixi mərhələdir. Ola bilsin ki, bu gün gənc nəsil Azərbaycan dilinin əhəmiyyətini anlayır və ona dəyər verir. Lakin həmin gənclər bu dilin müstəqil Azərbaycanın dövlət dili statusuna yüksəlməsi uğrunda keçilən mürəkkəb və çətin tarixi proseslərdən tam xəbərdar olmaya bilərlər.

Ancaq gənc nəsil heç vaxt unutmamalıdır ki, Azərbaycan dilinin dövlət dili statusuna çatması uzun və çətin tarixi mərhələlərdən keçmişdir. Tarix boyu Azərbaycan xalqı olduğu kimi, onun dili də təzyiqlərə, təqiblərə məruz qalmışdır. Düşmən qüvvələr bu dilin adını dəyişdirmək, onu təhrif etmək, xalqın əlindən almaq üçün müxtəlif cəhdlər etmişlər. Onlar yaxşı bilirdilər ki, xalqın dilini əlindən almaq üçün ilk növbədə onun adını deformasiyaya uğratmaq lazımdır. Bu səbəbdən də Azərbaycan dilini bir zamanlar "Tatar dili" adlandırmış, hətta onu fars dil ailəsinə aid bir ləhcə kimi təqdim etməyə çalışmışlar.

Lakin bu cəhdlərin hamısı iflasa uğramışdır. Nəticədə Azərbaycan dili bu xalqın həm dövlət, həm də ana dili kimi təsdiqlənmişdir. Bu gün Azərbaycan dili ölkə ərazisində yaşayan on milyonlarla insanın əsas ünsiyyət vasitəsidir. Azərbaycan dili bu millətin qan yaddaşı, tarixi yaddaşı və milli kimliyinin qorunub saxlanmasının başlıca yoludur.

Azərbaycan dili Azərbaycan xalqının ən böyük müdafiə vasitəsidir. Əgər dil birliyimizi qoruya bilməsək, bu toplumu - yəni on milyonlarla insanı - bir arada saxlayacaq ikinci bir vasitə yoxdur. Hətta din belə, bir-birini başa düşməyən insanları uzun müddət bir yerdə tuta bilməz. Güc, silah, zorla birlik saxlamaq isə nə tarixdə, nə də bu gün mümkün olmuşdur. Tarixi təcrübə göstərir ki, dil qədər insanları bir araya gətirə bilən ikinci bir qüvvə yoxdur.

Bu səbəbdən Azərbaycan dili həm də Azərbaycan xalqının, Azərbaycan türklərinin vəhdətini və birliyini qorumağın ən güclü və əvəzolunmaz vasitəsidir. Azərbaycan dili milyonlarla insanın mənəvi dəyəri, milli sərvəti və tarixi irsidir. Onu qoruyub saxlamaq hər bir azərbaycanlının mənəvi borcu və vətəndaşlıq məsuliyyətidir.

Azərbaycan dili, sözün əsl mənasında, müstəqil Azərbaycan dövləti qədər vacib və əhəmiyyətlidir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr