Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 3,8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 faiz, son 1 ildə isə 16,75 faiz artıb. İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət mayın sonuna da 1,7 faiz, ötən il dekabrın sonuna 1,5 faiz, ötən il iyunun sonuna isə 1,7 faiz olub.
AMB-nin məlumatına görə, hesabat ayında bankların kredit portfeli 0,3 faiz və ya 85,6 milyon manat artaraq, 28,472 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2 faiz (15,144 milyard), istehlak kreditləri 31,3 faiz (8,898 milyard) və ipoteka kreditləri 15,5 faiz, (4,430 milyard manat) yer tutub.
Bəs görəsən, problemli kreditlərin artmasına hansı amillər səbəb olub?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, problemli kreditlərin əksəriyyəti istehlak məqsədilə alınan borclardır:
“İnsanlar öz gələcək problemlərini daha çox kreditlər vasitəsilə həll etməyə çalışırlar. Bu, həmçinin, Azərbaycan əhalisinin məişət davranışından da irəli gələn problemlərdir. Təsadüfi deyil ki, əksəriyyət xeyir iş, hansısa problemi həll etmək üçün kreditlərə müraciət edir, işlərini bu yolla həll edir. Bununla yanaşı, bu sahədəki bütün problemləri istehlakçıların üzərinə də qoya bilmərik. Dediyimiz kimi, bu problemlər, əslində, Azərbaycanda son 10 ildə aparılan maliyyə-kredit siyasəti və yüksək gəlirlərin əhaliyə satılması nəticəsində ortaya çıxıb. İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar. Banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməli, kreditləri aşağı faizlə insanlara təklf etməlidir ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Məsələyə kompleks yanaşmaq lazımdır”.
Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, əslində, bu göstəricilər problemli kreditlərin həcminin heç də sürətlə artması anlamına gəlməməlidir:
“Əsas səbəb Azərbaycanda iqtisadi aktivliyin getdikcə azalmasıdır. Qiymət artımı fonunda həm vətəndaşların gəlirləri azalır, xərcləri isə artır. Sahibkarlıq üçün də şərait münbit deyil. Bu səbəbdən biznes sahibləri də əvvəlki kimi qazana bilmir. Belə vəziyyətdə isə təbii ki, həm istehlak, həm də biznes kreditlərinin qaytarılmasında problemlər yaranır”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirir ki, insanlar maliyyə problemləri ucbatından götürdükləri vəsaiti ödəyə bilmirlər.
Ekspert qeyd edib ki, belə olan halda da faiz borcları da üzərinə gələrək ödəniləcək borc daha da artır:
“Hər kəs kredit götürərkən öz öhdəliyini yaxşı ölçüb-biçməlidir. Bəzən insanlar istehlak kreditlərini lazım oldu-olmadı, məişət əşyaları almaq və digər vacib olmayan ehtiyaclarını ödəmək üçün götürür. Ödənmədikdə isə problemlər yaranır”.
İqtisadçının dediyinə görə, insanların rifahı və istəkləri artır:
“Onlar daha yaxşı və komfortlu yaşamaq, daha çox müxtəlif istehlak malları almaq istəyir. Amma istehlak kreditləri hesabına mobil telefon, saatlar, noutbuklar alan insanlar var ki, onları ildə iki-üç dəfə dəyişirlər. Bu o qədər də yaxşı tendensiya deyil”.