Əsrlərdir dünyanın bir çox yerində nəzər və qorunma üçün istifadə olunan üzərliyin indi özünün qorunmağa ehtiyacı var. Belə ki, üzərliyin başqa ölkələrə keşirilməsi qadağan olunur. Son zamanlar bəzi ölkələrin (ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrinin bir hissəsi) hüquq-mühafizə orqanları tərəfindən üzərlik bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artıb.
Həmin şəxslər barəsində isə inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.
Ədliyyə Nazirliyindən bildirilir ki, üzərlik bitkisinin tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir. Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən Azərbaycana gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərilərində daşımamaq tövsiyə olunur.
Üzərliklə bağlı maraqlı faktlar
İş orasındadır ki, Antarktidanı çıxmaq şərtilə bu bitkidən bütün qitələrdə istifadə olunur. Bütpərəslikdən, şamanizmdən tutmuş (hətta e.ə çoxallahlılıq zamanında da) səmavi dinlərə qədər bütün inanclarda aktiv istifadə olunur. Həm gözdən qorunmaq, dini ritualları yerinə yetirərkən şər qüvvələrdən xilas olmaq, həm nəzər qaytarma aksessuarı kimi evlərdən, dükanlardan asılır.
Bəziləri onu sırf batil inancla bağlasa da, digərləri bu adətin psixoloji rahatlıq verdiyini düşünür. Yəni üzərlik yalnız tüstü deyil, simvolik bir arxayınlıqdır – insanın öz evini, ailəsini pis niyyətlərdən qorumaq ümididir.
Bundan başqa üzərliyin ağrikəsici, sidikqovucu, miqren ağrıları, soyuqdəymə, mədə-bağırsaq, revmatizm, sinir xəstəliklərində də tayı-bərabəri yoxdur. Amma yenə də tövsiyədə haqlılıq payı var: üzərliyi tərkibindəki psixotrop maddələrin təsiri ilə əlaqədar olaraq yüksək dozada daxilə qəbul edəndə və tüstüsünə məruz qalanda fəsadları ola, hətta zəhərlənmə baş verə bilər.
Azərbaycanda üzərlik adətən yandırmaq üçün istifadə olunur. Yandırılaraq tüstüsü tənəffüs yolları ilə qəbul olunduqda psixotrop təsir olmur. Ona görə də psixotrop kimi qadağan edilməsi sırf sərhəd və hüquqi müstəvidə ehtiyat tədbiridir, adi məişət istifadəsinə görə deyil.
Şəfiqə Şəfa, Bizim Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta