Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb. APA xəbər verir ki, Zelenski əks təqdirdə Rusiyanın öz qonşularının vəziyyətini pisləşdirə biləcəyi fikrindədir.
“Bu müharibəni Rusiya başladıb və məncə, onlar bu müharibəni bitirməyə məcbur edilə bilər. Amma, dünya Rusiyadakı rejimi dəyişməyə çalışmasa, bu o deməkdir ki, hətta müharibə bitəndən sonra da Moskva öz qonşuluğundakı ölkələri destabilizə etməyə çalışacaq”, - Ukrayna lideri deyib.
Zelenski Rusiyaya məxsus aktivlərin müsadirə edilməsinə də çağırıb. O, aktivlərin dondurulmasının kifayət etmədiyini bildirib.
“Biz Rusiyanın müharibə maşınının qarşısını tamamilə almalıyıq. Korrupsiya ilə oğurlanmış pullar da daxil olmaqla, Rusiyanın dondurulmuş hər bir aktivini Rusiyanın aqressiyasından qorunmaq üçün istifadə etməliyik. Bu maliyyə mənbələrini dondurmaq yox, müsadirə etməyin vaxtı çatıb. Onlar sülh üçün xərclənməlidir, müharibə üçün yox”, - Ukrayna lideri vurğulayıb.