AZ

Tbilisidə BTQ-nin tam işə salınması müzakirə olundu

TBİLİSİ, 31 iyul. TELEQRAF

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib.

Tərəflər ticarət-iqtisadi əlaqələrin prioritet sahələrini müzakirə ediblər. Söhbət zamanı Gürcüstanla Türkiyə arasında ikitərəfli ticarət, nəqliyyat və logistika, mülki aviasiya, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına toxunulub.

Görüşdə nəqliyyat sahəsində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Qeyd edilib ki, tranzit dəhlizinin rolundan səmərəli istifadə və regional logistika qovşağının formalaşdırılması Gürcüstan hökumətinin prioritet istiqamətidir.

Tərəflər qeyd ediblər ki, Gürcüstan və Türkiyə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra təşəbbüslərdə, o cümlədən regional əlaqələrin dərinləşdirilməsi, qlobal ticarətin və iqtisadi inkişafın təşviqi baxımından getdikcə aktuallıq qazanan Orta Dəhlizdə fəal iştirak edir.

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti də müzakirə olunub. Nazirlər xəttintam şəkildə işə salınmasına hazırlıqlarını bildiriblər.

Qeyd edək ki, A. Uraloğlunun Tbilisiyə səfərinin məqsədi altıncı dəfə keçiriləcək Türkiyə ilə Gürcüstan arasında ikitərəfli hökumətlərarası iqtisadi komissiyanın iclasında iştirak etməkdir. Türkiyəli nazir və M.Kvrivişvili komissiyanın həmsədrləridir.

Seçilən
45
teleqraf.com

1Mənbələr