AZ

Hotellərin gəliri ARTIB

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın iqtisadi inkişaf strategiyası artıq uzun illərdir ki, təkcə mərkəzi şəhərlərin deyil, həm də regionların potensialından maksimum istifadəni qarşısına məqsəd qoyub. Ölkənin ümumi rifah səviyyəsinin yüksəldilməsi, regionlararası sosial-iqtisadi fərqlərin azaldılması və dayanıqlı inkişafın təmin olunması bu siyasətin əsas istiqamətlərindəndir. Məhz bu kontekstdə turizmin regionların inkişafına verdiyi töhfə getdikcə daha önəmli bir faktor kimi dəyərləndirilir.

Turizm təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də sosial transformasiya, mədəni irsin qorunması, infrastrukturun yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması baxımından regionlar üçün əvəzolunmaz rol oynayır. Azərbaycan kimi zəngin təbiətə, tarixi və mədəni irsə malik bir ölkədə turizmin inkişafı regionların iqtisadi yüksəlişi üçün əsas və dayanıqlı platformaya çevrilə bilər. Xüsusən də son illərdə dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, bir çox rayonlarda turizm obyektlərinin, otellərin, marşrutların, eko və aqro-turizm layihələrinin həyata keçirilməsi bu potensialı bir daha təsdiqləyir.

Yeri gəlmişkən, turizm sektoru dünya iqtisadiyyatının aparıcı sahələrindən biri hesab olunur. Beynəlxalq Turizm Təşkilatının məlumatlarına görə, bu sahə ümumi dünya ÜDM-nin, təxminən, 10 faizini təşkil edir və milyonlarla insanı məşğulluqla təmin edir. Azərbaycan üçün də bu sahə həm valyuta gəlirləri, həm məşğulluq səviyyəsinin artırılması, həm də regionların iqtisadi aktivliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Regionlar kontekstində turizmin iqtisadi inkişafdakı rolu bir neçə istiqamətdə özünü göstərir. Regionlarda turizmin inkişafı birbaşa və dolayı yolla çoxsaylı iş yerlərinin yaradılmasına səbəb olur. Otellər, restoranlar, bələdçi xidmətləri, nəqliyyat sektoru, suvenir və sənətkarlıq məhsullarının satışı kimi sahələrdə yerli əhali üçün gəlir imkanları artır. Məsələn, Şəki, Qəbələ, Quba, Lənkəran kimi bölgələrdə turizm sayəsində minlərlə insan məşğulluq tapıb.

Bundan başqa, turizmin inkişafı regionlarda yolların, kommunikasiya vasitələrinin, ictimai nəqliyyatın, rabitə xidmətlərinin və ümumilikdə infrastrukturun yaxşılaşdırılmasına təkan verir. Dövlət və özəl sektor tərəfindən həyata keçirilən layihələr turizmlə yanaşı, yerli əhalinin də rifah səviyyəsini yüksəldir. Məsələn, Qax–Zaqatala turizm marşrutuna daxil edildikdən sonra həmin bölgədəki yollar və ictimai obyektlər müasir standartlara uyğunlaşdırılıb. Digər tərəfdən, turizmin bölgələrdə genişlənməsi kiçik və orta sahibkarlığın inkişafına da şərait yaradır. Yerli əhali qonaq evləri, kənd turizmi obyektləri, restoranlar, yerli məhsul satış nöqtələri kimi bizneslər quraraq ailə büdcəsinə gəlir gətirə bilir. Bu, həm də regionların iqtisadi müstəqilliyinə töhfə verir.

Turistlərin diqqətini cəlb edən amillərdən biri də orijinal mədəniyyət və təbii sərvətlərdir. Regionlarda mədəni irsin qorunması, abidələrin bərpası, milli adət-ənənələrin təbliği və təbiətə münasibətdə daha məsuliyyətli davranış turizmin təsiri ilə güclənir. Məsələn, Lahıc kəndində misgərlik sənətinin qorunub-saxlanması, Kiş Alban məbədinin bərpası turizmin stimullaşdırıcı rolunu açıq şəkildə göstərir. Bundan başqa, bəzi bölgələr yalnız kənd təsərrüfatı ilə məşğul olan ərazilər idi. Turizmin gəlməsi həmin regionlarda iqtisadi fəaliyyətin spektrini genişləndirir. Beləliklə, həm turizm, həm də kənd təsərrüfatı paralel şəkildə inkişaf edir, qarşılıqlı sinerji yaranır. Məsələn, eko və aqroturizm modelləri bu baxımdan çox perspektivlidir.

Azərbaycanda turizmin inkişafı hotellərin gəlirlərini də artırıb. 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 290 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, gəlirlərin 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Qeyd edilib ki, 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz olmuşdur (2024-cü ilin yanvar-iyun aylarında 21,1 faiz). Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda 34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1 faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz, Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16,0 faiz, Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdən aşağı olub.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,4 faiz artaraq 1970,7 min olub. Gecələmələrin ümumi sayının 62,6 faizi Bakıda, 6,4 faizi Qusarda, 4,9 faizi Naftalanda, 4,4 faizi Qəbələdə, 3,2 faizi Şabranda, 3 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,4 faizi Şamaxıda, 1,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şuşada, 1,0 faizi Masallıda, 1 faizi Xaçmazda və 7,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 10,3 faiz artaraq 1192,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Hindistan, 12,8 faizi Rusiya Federasiyası, 9,1 faizi Türkiyə, 6,7 faizi Səudiyyə Ərəbistanı, 5,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,1 faizi İsrail, 3,3 faizi ABŞ, 2,8 faizi Çin, 2,8 faizi Pakistan, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Özbəkistan, 2,4 faizi Küveyt, 2 faizi Böyük Britaniya, 1,1 faizi Almaniya, 0,9 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 0,6 faizi Bəhreyn, 0,6 faizi İran, 20,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,1 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,1 faizi Qubada, 0,5 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 faiz artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.

Məsələni hafta.az-a şərh edən turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, bu gün pandemiyadan qalan qadağalar səbəbilə quru sərhədlərin bağlı olması ölkəmizdə yerli turistləri Azərbaycan hüdudlarından kənara deyil, bölgələrə üz tutmağa istiqamətləndirib:

“Məsələn, pandemiyadan əvvəlki dövrə nəzər salsaq görərik ki, yerli turistlər qonşu Gürcüstana və Rusiyanın Azərbaycana yaxın olan əyalətlərinə gedirdilər. Əlbəttə, turistlərin regionlara axın etməsi yerli komplekslərin marağına səbəb olub. Bu gün regionlarda fəaliyyət göstərən hotellərin fəaliyyətinə də məhz bu dinamika təsir göstərir. 3 ulduz hotellərin qiymətlərində artım müşahidə olunur. Təbii ki,  ölkəmizin beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etməsi ölkəmizin iqtisadiyyatının inkişafı insanların sosial rifahının yaxşılaşdırılması, ekonom büdcəli insanların bir addım önə keçməsi bazarda canlanma yaradır. Bu da hotellərin qiymətlərinə təsir göstərir. 5 ulduzlu hotellərə nisbətən bu hotellərdə servis aşağı olsa da hotellərdə xidmətin yaxşılaşdırılmasını görə bilirik. Hotellər əvvəlki kimi qiymət endirimi ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparırlar. Əvvəlki dövrdə insanlar ucuz yer axtarırdısa, sosial rifahları yüksəldikdən sonra artıq keyfiyyətli yer axtarırlar. Bu keyfiyyət arxasınca getdikdə artıq bu tələbin qarşısında müvafiq təklif verilir”.

R.Quliyev qeyd edir ki, hotellərdə keyfiyyət artdıqca qiymət artımı qaçılmazdır:

“Hansısa hotel servis keyfiyyətini artırmaq üçün işçi sayını artırmalı, yemək çeşidlərinə əlavələr etməlidir, ərazidə mütəmadi təmizlik işləri aparılmalıdır, gigiyenik qaydalara daha çox diqqət edilməlidir, yeni yataq dəstləri və avadanlıqlar alınmalıdır. Təbii ki, bunlar hamısı xərclərə daxildir. Bu xərclər də sifarişçinin hesabına əlavə olunur. Bu zaman qiymətm artımı da qaçılmaz olur. Buna baxmayaraq, sevindirici haldır ki, hotellər doludur. Bu bizim iqtisadiyyatımızın artan dinamikasından xəbər verir. Yerləşmə sayı gündən-günə çoxalır”.

Ekspert, həmçinin deyir ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, eyni zamanda təhlükəzliyin yüksək səviyyədə qorunub saxlanılması əsas verir ki, ölkəyə turist axını sürətlənsin:

“Bunu davamlı etmək üçün müxtəlif tədbirlər planı həyata keçirilir. İstənilən halda ölkəyə gələn turist aşağı və ya yuxarı büdcədən asılı olmayaraq müəyyən vəsait xərcləyir. Bizə də gələn turistlərin sayı daha çox vacibdir. Hazırda ölkəyə gələn turistlərin sayında da əhəmiyyətli artım müşahidə olunur. Bu da istər-istəməz hotellərin doluluq səviyyəsinə müsbət təsir göstərir və paralel olaraq hotellərin gəlirlərini artırır”.

Seçilən
13
hafta.az

1Mənbələr