AZ

Əgər hər hansı audit hesabatında 65 milyon manatlıq pozuntu halı ilə rastlaşırıqsa, deməli...– ÖZƏL

Hesablama Palatası 2025-ci ilin ilk yarısına dair hesabatında dövlət vəsaitlərinin istifadəsində 65 milyon manatlıq pozuntu aşkarladığını açıqlayıb. Audit tədbirləri nəticəsində bu vəsaitin 17,8 milyon manatının dövlət büdcəsinə birbaşa zərər vurduğu müəyyən olunub. Həmçinin, bəzi hallarda büdcə vəsaitlərindən funksional təyinatdan kənar istifadə edildiyi qeydə alınıb.

Maraqlıdır, nə üçün bu cür böyük maliyyə pozuntuları ancaq geriyə dönük yoxlamalarla aşkar edilir, qabaqlayıcı nəzarət sistemi niyə işləmir?

"Dünyada qəbul olunmuş beynəlxalq standartlar mövcuddur. Onlardan biri də ISO 19011 standartıdır. Bu standart auditlərin planlaşdırılması, həyata keçirilməsi və idarə olunması proseslərini əhatə edir. Auditlər iki formada olur:
1.    Planlı auditlər - əvvəlcədən müəyyən edilmiş plan əsasında aparılır.
2.    Plandan kənar audit yoxlamaları - ehtiyac yarandıqda qəfil və ya zərurət əsasında həyata keçirilən auditlərdir.

Hesablama Palatasının audit mexanizmləri ilə bağlı məsələlər isə ayrıca bir müzakirə mövzusudur. Burada təkcə beynəlxalq audit standartları yox, maliyyə standartları da əsas götürülməlidir. Çünki dövr dəyişib və artıq müasir dövrün tələblərinə cavab verən mexanizmlər formalaşmalıdır".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, pozuntularla bağlı məsələyə gəldikdə isə, uzun illərdir ki, müəyyən bir mexanizm tətbiq olunur və hər dəfə ona müəyyən yeniliklər gətirilir: "Ümumilikdə, büdcə planlaşdırılması bu şəkildə həyata keçirilir:
 

1.    Əvvəlcə proqnoz hazırlanır.
2.    Daha sonra büdcənin icrası mərhələsində müxtəlif nəzarət mexanizmləri tətbiq olunur.
3.    Bu nəzarət mexanizmlərindən biri də audit yoxlamalarıdır.

Bəzi təşkilatlarda isə büdcənin icra mərhələsində pozuntulara yol verilir. Bu cür halların qarşısını almaq üçün korreksiyaedici tədbirlərdən əvvəl, qabaqlayıcı tənzimləmə və idarəetmə fəaliyyətləri həyata keçirilməlidir. Lakin reallıqda elə hallar da olur ki, vəziyyətin dəyişməsi səbəbilə planlaşdırma mərhələsində verilmiş qərarlara yenidən baxmaq lazım gəlir. Məsələn, siz dövlət satınalmalarını planlaşdırmısınız və bu plan dekabr ayında təsdiqlənib. Amma 6 ay sonra bazarda qiymət artımı və ya azalması baş verə bilər. Belə hallarda əvvəldən hazırlanmış planla icra arasında uyğunsuzluqlar yaranır və bu da sonradan pozuntu kimi qeydə alınır. Bəzən də hansısa əməkdaşın və ya məsul şəxsin öz üzərinə düşən vəzifələri düzgün icra etməməsi nəticəsində pozuntular baş verir. Buna görə də həm planlaşdırma mərhələsində, həm də icra mərhələsində mütəmadi təftiş və yoxlamalar həyata keçirilməlidir".

İqtisadçı ekspert qeyd edib ki, əslində, qabaqlayıcı fəaliyyət artıq risklərin qiymətləndirilməsi və proqnozlaşdırma mərhələsində aparılır. Bu mərhələdə bütün mümkün risklər nəzərə alınmalı, ehtimal olunan pozuntular proqnozlaşdırılmalı və idarəetmə tədbirləri görülməlidir: "Bu idarəetmə tədbirlərinin nə dərəcədə şəffaf və ünvanlı həyata keçirildiyini qiymətləndirmək üçün prosesi daxildən izləmək lazımdır. Amma biz, yəni kənardan baxan insanlar, əgər hər hansı audit hesabatında 65 milyon manatlıq pozuntu halı ilə rastlaşırıqsa, deməli, risklərin idarə olunması sahəsində ciddi problemlər mövcuddur və bu idarəetmə düzgün aparılmır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr