Yenisabah.az aktyor Cavidan Novruz ilə müsahibəni təqdim edir:
- Mehriban Xanlarova teatr aktyorlarının maaşlarının dolanışığa yetmədiyini bildirib. Sizin vəziyyət necədir? Maaş dolanmağa bəs edir?
- Açığı, mən təkcə teatrın maaşına güvənmirəm. Paralel olaraq başqa işlərlə də məşğulam. İş stajıma görə maaşım normaldır. Amma əlavə gəliri olmayan aktyorlar üçün vəziyyət doğrudan da çətindir. Tək özümə qalsa, problem yaşamıram. Pepperoni pizza
- Aktyorlar arasında sizin kimi əlavə iş görənlər çoxdurmu? Sizcə, buna məcbur olurlar?
- Böyük əksəriyyət bu addımı məcburiyyətdən atır. Xüsusilə gənc aktyorlar üçün seriallara çəkilmək həm ekranda görünmək, həm də müəyyən qədər gəlir qazanmaq deməkdir. Yaşlı aktyorlar üçün vəziyyət bir qədər fərqlidir. Məsələn, atamın (Ramiz Novruz) vaxtında aldığı maaş və dövlət tərəfindən verilən mükafat dolanışığına yetirdi, çünki əlavə xərcləri yox idi. Gənclər üçün isə bu, o qədər də asan deyil.
- Serial və filmlərə çəkilmək maddi baxımdan teatrla müqayisədə nə dərəcədə fərq yaradır?
- Əgər aktyor serial və ya filmə çəkilirsə, bu addımı birbaşa maddi gəlir üçün atır. Paralel olaraq bu, onların daha çox tanınmasına və yeni rol təklifləri almasına səbəb olur.
- Rasim Balayevin “aktyorun təqaüd yaşı olmamalıdır” fikri var. Siz necə düşünürsünüz?
- Tamamilə razıyam. Elə insanlar tanıyıram ki, yaşa görə təqaüdə çıxıblar və bu səbəbdən psixoloji sarsıntı yaşayıb vəfat ediblər. Bu peşə elədir ki, insan könüllü şəkildə ondan ayrıla bilmir. Aktyor hər yaşda aktyordur. Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki?
- Son günlər aktyor Allahverdi Yolçuyevin corab satması ilə bağlı görüntülər yayıldı. Bu haqda nə düşünürsünüz?
- O görüntüləri mən də gördüm. Fikrimcə, Allahverdi müəllim çətin vəziyyətdən çıxmaq üçün başqa bir yol da tapa bilərdi. Bu qədər tanınan bir simanın bu yola əl atmasını düzgün hesab etmirəm. Təbii ki, heç kimi aşağılamaq fikrim yoxdur, amma bu cür görüntülər onun imicinə xələl gətirə bilər.
- Məsələn, nə təklif edə bilərsiniz?
- Mən elə aktyorlar tanıyıram ki, teatrdan çıxıb toylarda tamadalıq edirlər. Allahverdi müəllim də bu istiqamətə yönələ bilərdi. 90-cı illərdə atam da maddi vəziyyətə görə öz maşını ilə taksi sürürdü. Amma bir dəfə bir qadın onu tanıdı və o hadisədən sonra atam bu işi dayandırdı. Allahverdi müəllim istedadlı insandır. Hesab edirəm ki, Mədəniyyət Nazirliyinə müraciət etsəydi, məsələsi diqqətdən kənarda qalmazdı.
- Ola bilərmi ki, onun tamadalıq bacarığı yoxdur? Mehriban Xanlarova da bildirib ki, heç vaxt toy apara bilməz.
- Mən inanmıram ki, Allahverdi müəllimin bu bacarığı olmasın. Çox istedadlı aktyordur. Toy aparmaq üçün əsas odur ki, insanlarla səmimi və gülərüz olasan. Mən özüm də toylarda çıxış edirəm. Mehriban xanımın bu sahədə təcrübəsi olmadığı üçün belə deyib, yəqin.
- Bəs aktyorluqda yaradıcı imkanlar hansı səviyyədədir?
- İstedadlı və bacarıqlı aktyorlara şərait yaradılır. Bu, istər repertuar, istərsə də səhnə imkanları baxımından belədir. Tamaşa zamanı fikir olaraq səsləndirdiyimiz sözlərin əksəriyyəti qəbul olunur. Doğrudur, teatrlarla bağlı bir çox problemlərdən danışırlar, amma mən şəxsi təcrübəmdə bununla rastlaşmamışam.
- Oynadığınız rollara görə qonorar alırsınızmı? Bəs başqa teatrlardan dəvət aldıqda hansı imtiyazlar verilir?
- Qonorar verilmir, sadəcə standart maaş sistemimiz var. Əgər başqa teatrda rol alırıqsa, o zaman həmin teatrla müqavilə imzalanır və hər tamaşa üçün müəyyən məbləğ ödənilir. Ancaq əsas maaş yalnız çalışdığımız teatrdan gəlir.
Aydan Hacı
Telegram kanalımız