AZ

Ana dilimiz hər bir azərbaycanlının qürur mənbəyidir

Hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin qorunmasında dilin əvəzsiz rolu vardır. Azərbaycan dili əsrlər boyu xalqımızın zəngin dövlətçilik tarixini təcəssüm etdirən, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni inkişafını təmin edən müqəddəs bir mirasdır. 

Ana dilimiz hər bir azərbaycanlının qürur mənbəyi və dövlət müstəqilliyimizin sütunlarından biridir. Tarix boyu dilimiz müxtəlif inkişaf mərhələsindən keçmiş, zənginləşmiş və bugünkü yüksək səviyyəsinə çatmışdır. Təbii ki, dil mövzusu milli kimlik ideologiyasının ayrılmaz tərkib hissəsi olduğu üçün SSRİ dövründə planlı şəkildə milli dillərin sıxışdırılması prosesi aparılırdı. Xüsusilə, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi.   Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin, bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Azərbaycan dilinə dövlət dili statusu verilməsində Ümummilli Liderin əvəzsiz rolu olmuşdur. Onun 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxışından sonra  “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olmuşdur. 

Ulu Öndərin prinsipal yanaşması müstəqillik dövründə də davam etmiş və göstərilən dövlət qayğısı nəticəsində dilin hüquqi statusunun möhkəmləndirilməsi, tədrisinin genişləndirilməsi və istifadəsinin daha da yayılması istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş və geniş müzakirələrdən sonra  həmin ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ana dilimizi qorumaq üçün əvəzsiz xidmətlər göstərən Ümummilli Liderin siyasi xətti cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçımızın "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşmişdir. 

Bütün bunlar onu deməyə əsas verir ki, aparılan məqsədyönlü siyasət və islahatlar nəticəsində ana dilimizin inkişafı təmin olunur.

Günay Ağamalı,
Milli Məclisin deputatı

Seçilən
60
29
ikisahil.az

10Mənbələr