Bakı, 31 iyuI, Aytac Haqverdiyeva, AZƏRTAC
Son illərdə qlobal iqlim gündəmi ciddi təzyiqlərlə üz-üzədir. Dünyanın əsas siyasi və iqtisadi oyunçuları da daxil olmaqla, bir sıra ölkələrdə ətraf mühit məsələlərinin siyasi alətə çevrilməsi prosesi güclənib. İqlim təhlükəsinin inkarı, davamlı enerji sistemlərinin inkişafının qarşısının alınması və iqlim maliyyələşdirilməsinin ləngidilməsi ilə müşayiət olunan narrativlər yenidən canlanır. Xüsusilə təhlükəli fenomenlərdən biri də “qırmızı işarələmə”dir ki, bu, iqlim təşəbbüslərinin “qlobalist sui-qəsd” və ya antisistem ideologiyasının tərkib hissəsi kimi təqdim olunması deməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova söyləyib.
O bildirib ki, belə bir şəraitdə Azərbaycan balanslı və strateji yanaşma nümayiş etdirir. Ölkə beynəlxalq iqlim öhdəliklərinə sadiqliyini təsdiqləməklə kifayətlənmir, həm də iqlim gündəmini davamlı inkişaf, beynəlxalq əməkdaşlıq və texnoloji modernləşmənin alətinə çevirir. Ötən il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi də bu siyasətin yetkinliyinin parlaq göstəricisidir.
Beynəlxalq tanınma və yeni iqlim diplomatiyası
Azərbaycanın COP29-a ev sahibliyi etməklə beynəlxalq iqlim proseslərinin ön cəbhəsində olduğunu nümayiş etdirdiyini vurğulayan G.Axundova bildirib ki, bu yalnız texniki uğur deyil, həm də dünya birliyinin Bakıya olan etimadının, ölkənin siyasi neytrallıq və birləşdirici dialoq üçün platforma rolunu tanımasının təzahürüdür. “Konfransa hazırlıq və keçirilmə prosesi hökumət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, alimlər, donorlar və özəl sektor nümayəndələrinin də iştirak etdiyi geniş və inklüziv məsləhətləşmələrlə müşayiət olundu. Beləliklə, Azərbaycan iqlim idarəçiliyində inklüziv yanaşmanın uğurlu nümunəsini yaratdı və qlobal etibarlı tərəfdaş statusunu möhkəmləndirdi. Azərbaycanın əsas töhfələrindən biri də ədalətli iqlim maliyyələşdirilməsi və ədalətli keçid prinsiplərinin irəli çəkilməsi oldu. Ölkə keçid iqtisadiyyatlı dövlətlərin tələbatlarını qabartdı və iqlim məqsədlərinin yerli reallıqlarla uzlaşdırılmasının vacibliyini vurğuladı”, - deyə G.Axundova vuröulayıb.
O, dekarbonizasiya üzrə milli strategiya və yaşıl iqtisadiyyatın inkişafı barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycan 1990-cı il səviyyəsinə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq məqsədi ilə iqlim hədəfləri müəyyən edib. Bu hədəflər sənəd üzərində qalmaqla kifayətlənmir. Ölkədə, xüsusilə Şərqi Zəngəzurda bərpaolunan enerji layihələri – külək və günəş elektrik stansiyaları sürətlə inkişaf etdirilir:“Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Avropa ölkələri ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr artıq regional enerji sisteminə inteqrasiya olunmağa başlayıb. Azərbaycan yalnız “yaşıl” enerji istehsalına deyil, eyni zamanda, karbonun tutulması və saxlanması (CCUS), enerji səmərəliliyi və iqlimə davamlı kənd təsərrüfatı kimi innovativ texnologiyalara da investisiya yatırır”.
İqlim nihilizminə cavab: elm, media və maarifləndirmə
İctimai Birliyin sədri qeyd edib ki, Azərbaycan siyasi və korporativ maraqlar tərəfindən qızışdırılan iqlim skeptisizminin artmasının yaratdığı təhdidin fərqindədir. Cavab olaraq ölkəmiz elmi-analitik bazanı gücləndirir. İqlim müşahidə məntəqələri, proqnoz mərkəzləri fəaliyyət göstərir, kənd təsərrüfatı, su ehtiyatları və şəhər planlaması üçün adaptasiya ssenariləri hazırlanır. Bununla yanaşı, əhali və media ilə maarifləndirici iş aparılır. Elmi məlumatlar sadə dillə çatdırılır, miflər ifşa olunur, fəaliyyətsizliyin iqtisadi nəticələri nümayiş etdirilir. Təhlükəsizlik, məşğulluq və ərzaq-su sabitliyi riskləri ön plana çəkilir. Azərbaycanlı mütəxəssislər və media nümayəndələri beynəlxalq aləmdə ideoloji təbliğata qarşı rasional baxışın səsi kimi çıxış edirlər.
İşğaldan azad edilmiş ərazilərin bərpasının iqlimə davamlı inkişafın modeli olduğunu diqqətə çatdıran G. Axundova Azərbaycanın iqlim siyasətində Qarabağ və Şərqi Zəngəzurun xüsusi yer tutduğunu deyib: “Bu ərazilər iqlimə davamlı inkişafın pilot zonaları kimi nəzərdən keçirilir. Burada “yaşıl şəhərlər”, “ağıllı kəndlər” layihələri icra edilir, enerji səmərəli texnologiyalar tətbiq olunur, meşələr bərpa edilir və nadir növlər qorunur. Bu yanaşma gələcəkdə ölkənin bütövlükdə transformasiyası üçün model rolunu oynaya, Qarabağda sınaqdan keçirilən strategiyalar geniş miqyasda tətbiq oluna bilər”.
İqlim maliyyələşdirilməsinin islahatı və regional təşəbbüslər
İctimai Birliyin sədri Azərbaycanın beynəlxalq platformalarda iqlim maliyyələşdirilməsi sisteminin islahatını fəal şəkildə müdafiə etdiyini vurğulayıb. O deyib ki, keçid iqtisadiyyatlı ölkələrin xüsusi statusunun tanınması, Qlobal Cənub ölkələri üçün iqlim fondlarına birbaşa çıxışın genişləndirilməsi, yerli ehtiyacları daha yaxşı başa düşən regional institutların və platformaların rolunun artırılması əsas təkliflərdir. “Artıq bu gün Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda davamlı inkişaf sahəsində birgə layihələr paketinin təşəbbüskarı kimi çıxış edir və Avropa ilə Asiya arasında iqlim transformasiyasında aparıcı mövqeyə sahib olur. Radikal iqlimçi hərəkatlar və iqlim inkarçıları arasında dərinləşən ideoloji qarşıdurma fonunda Azərbaycan üçüncü yolu, yəni rasional, realist və balanslı iqlim gündəmini təklif edir. Ölkə iqlim böhranının miqyasını qəbul etməklə yanaşı, ədalət, iqtisadi təhlükəsizlik və texnoloji suverenliyin təmin olunmasının zəruriliyini də nəzərə alır. Bu yanaşma qarşıdurmadan yorulmuş və praqmatik əməkdaşlıq axtaran dövlətləri birləşdirmək potensialına malikdir. Məhz belə bir platforma Azərbaycan tərəfindən COP29-da irəli sürüldü və geniş tərəfdaş dəstəyi qazandı. Beləliklə, bəzi dövlətlərin daxili təzyiqlər və ideoloji fikir ayrılıqları bəhanəsi ilə iqlim öhdəliklərindən imtina etdiyi şəraitdə Azərbaycan yetkin iqlim siyasəti modelini nümayiş etdirir. Bu model elmi əsaslılığı, siyasi realizmi və regional liderliyi birləşdirir. Ölkə sübut edir ki, qlobal iqlimə inam böhranı dövründə belə, ideologiyalaşdırma və populizm olmadan gələcək nəsilləri qorumağa yönəlmiş aydın strategiya ilə dayanıqlı gələcək yaratmaq mümkündür”, - deyə G. Axundova diqqətə çatdırıb.