ABŞ-ın Ohayo ştatında 26 iyul 2025-ci ildə dünyaya gələn Thaddeus Daniel Pierce adlı körpə, 1994-cü ildə dondurulmuş embriondan doğularaq “dünyanın ən yaşlı embrionundan doğulan körpə” unvanını qazandı. Körpənin dünyaya gəldiyi vaxt valideynləri – Lindsey və Tim Pierce həmin embrion dondurulanda hələ uşaq idilər.
News24.az xəbər verir ki, cütlük uzun illər övlad sahibi olmaq üçün mübarizə aparıb və nəhayət, əvvəlki illərdə dondurulmuş embrionların istifadə edildiyi xüsusi bir proqram vasitəsilə valideynlik arzularına çatıb. Dondurulmuş embrion, 90-cı illərdə süni mayalanma yolu ilə ana olan Linda Archerd tərəfindən bağışlanmış dörd embriondan biri idi.
Linda Archerd həmin dövrdə yalnız bir uşaq sahibi olmuş, digər embrionları isə gələcəkdə istifadə üçün dondurub və sonradan bağışlamışdı. Hazırda 62 yaşında olan Linda'nın bu gün 30 yaşında olan qızı da artıq anadır.
Proqram, uzun illər saxlanmış və riskli sayılan embrionlara həyat şansı verməyi hədəfləyir. Thaddeus’un uğurlu doğumu, milyonlarla “istifadə olunmayan” embrionun gələcəkdə həyatla buluşa biləcəyinə ümid yaradıb. Ana Lindsey Pierce isə bu barədə "Sadəcə bir körpə istəyirdik, rekord qıracağımızı düşünməmişdik" deyə bildirib.
Xeyrənsə Piriyeva