AZ

Dünyanın "ən yaşlı" körpəsi doğuldu: 31 yaşında dünyaya gəldi

1994-cü ildə süni mayalanma üsulu ilə dondurulan embriondan doğulub


ABŞ-nin Ohayo ştatında dünyaya gələn Thaddeus Daniel Pierce, indiyədək məlum olan “ən yaşlı embriondan doğulan körpə” olub. 26 iyulda dünyaya gələn Thaddeus, 1994-cü ildə dondurulan embriondan doğularaq tibbi tarixdə diqqət çəkən bir rekorda imza atıb.

Sherg.az xəbər verir ki, Lindsey və Tim Pierce cütlüyü, təxminən 30 il dondurulmuş vəziyyətdə saxlanılan embrionu ötən il övladlığa götürüb. O dövrdə cütlükdən biri hələ ibtidai sinfə belə başlamamışdı. Rekord qırmaq kimi bir məqsədlərinin olmadığını bildirən Lindsey Pierce deyib: “Biz sadəcə körpəmiz olsun istəyirdik”.

Tarixi embrion, 1990-cı illərdə uşaq sahibi olmaq istəyən Linda Archerd və o dövrdəki həyat yoldaşı tərəfindən süni mayalanma ilə yaradılmış dörd embriondan biri idi. Bu embrionlardan biri, 30 il əvvəl doğulmuş və indi özü də ana olan bir qız uşağını dünyaya gətirib. Qalan üç embrion isə uzun müddətli qorunub saxlanılıb.

Dünyada süni mayalanma müalicələrində istifadə olunmaq üçün dondurulmuş milyonlarla embrionun olduğu təxmin edilir. Lakin bu embrionların bir qismi, sağlamlıq vəziyyəti, yaşı və digər amillərə görə “çətin yerləşdirilən” kateqoriyasında qiymətləndirilir. Thaddeusun embrionu da bu kateqoriyaya daxil idi.

Yeddi il ərzində uşaq sahibi ola bilməyən Pierce cütlüyü, bu xüsusi proqramda iştirak edərək ümidlərini embrion övladlığa götürməyə bağlayıblar. Lindsey Pierce bildirib: “Çətin bir doğuş prosesi keçirim, amma indi yaxşıyam. Bu dəyərli körpəyə sahib olduğumuz üçün çox xoşbəxtik”.

1978-ci ildə dünyaya gələn ilk süni mayalanma körpəsi Louise Browndan bu yana milyonlarla uşaq bu üsulla dünyaya gəlib. Lakin Thaddeusun doğulması, bu texnikaların sərhədlərini və tibbdəki irəliləyişi bir daha ortaya qoyub.

Linda Archerd isə yaşadığı hissləri belə ifadə edib: “Bu, gerçəküstü bir təcrübə idi. İnanılması belə çətindir”.
Seçilən
53
4
sherg.az

7Mənbələr