Son illər texnologiyanın sürətli inkişafı və smartfonların geniş yayılması ilə uşaqların mobil telefonlara marağı da kəskin şəkildə artıb. Xüsusilə pandemiya dövründə təhsilin onlayn rejimə keçməsi və sosial izolyasiya uşaqların ekran qarşısında keçirdiyi vaxtı daha da uzadıb. Bu hal zamanla öyrəşmə deyil, ciddi asılılığa çevrilib.
Mütəxəssislər bildirir ki, həddindən artıq telefon istifadəsi uşaqlarda diqqət pozğunluğu, yuxusuzluq, aqressiya, sosial izolyasiya və hətta depressiya kimi problemlərə səbəb ola bilər. Digər tərəfdən, bu asılılıq uşaqların yaradıcı fəaliyyətlərdən uzaqlaşmasına, açıq havada oyunların və dostlarla ünsiyyətin azalmasına gətirib çıxarır.
Valideynlər isə tez-tez bu vəziyyətdən narahat olduqlarını desələr də, bir çox hallarda çıxış yolunu tapmaqda çətinlik çəkirlər. Telefonu tamamilə almaq və ya sərt qadağalar qoymaq isə əks effekt verə və uşaqda müqavimət yarada bilər.
Bəs uşaqları zərərli telefon asılılığından necə qoruyaq?
Mövzu ilə bağlı psixoloq Nərmin Ağayeva Avtosfer.az-a açıqlamasında bildirib ki, uşaqlarda telefon və ya planşet istifadəsinin artması həm psixoloji, həm də beyin inkişafı baxımından müəyyən fəsadlara səbəb ola bilər:
“Bu halların qarşısını almaq üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Əvvəla, valideynlər özləri nümunə olmalıdırlar. Əgər uşaq valideynlərini gün ərzində davamlı olaraq telefon istifadə edərkən görürsə, təbii ki, özü də eyni davranışı təkrarlayacaq. Buna görə də, ailə daxilində “telefonsuz saatlar” müəyyən etmək və bu vaxtı inkişaf yönümlü fəaliyyətlərə həsr etmək vacibdir.
Bundan əlavə, valideynlər sərhədlər müəyyən etməlidirlər. Məsələn, “gün ərzində yalnız bu saatdan bu saata qədər telefondan istifadə edə bilərsən” kimi aydın qaydalar qoymaq və buna riayət olunmasını təmin etmək lazımdır.
Eyni zamanda, uşaqları telefon və planşetdən uzaqlaşdırmaq üçün maraqlı alternativlər təqdim edilməlidir. Bu alternativlər uşağın yaşına və maraqlarına uyğun şəkildə seçilməlidir ki, o, texnologiyadan daha maraqlı və faydalı fəaliyyətlərə yönələ bilsin”.
Psixoloq əlavə olaraq qeyd edib ki, davamlı nəzarət və açıq söhbətlər vacibdir:
“Uşağın telefondan necə istifadə etdiyini izləmək, onun hansı məzmunlarla qarşılaşdığını bilmək və bu barədə onunla mütəmadi danışmaq, sağlam münasibətlərin və texnologiyaya düzgün yanaşmanın formalaşmasına kömək edəcək”.
Eltac Zülfüqaroğlu