AZ

Qardaş ölkələr arasında TARİXİ RAZILAŞMA – Azərbaycan üçün böyük gəlir FÜRSƏTİ

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ankaraya səfəri çərçivəsində Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə bildirib ki, ölkəsi Qazaxıstanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq üçün fəaliyyətini davam etdirəcək:
 

“Biz ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bu müsbət dinamikanı daha da inkişaf etdirməyə çalışırıq. Qazaxıstan bizim ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün işimizi davam etdirəcəyik”.


Bu isə hazırkı göstəricidən 3 dəfə çox deməkdir. Belə ki, ötən il ikitərəfli ticarətin həcmi 5 milyard dollar təşkil edib.

Aydın məsələdir ki, Qazaxıstanla Türkiyə arasında ticarət əlaqələrində tranzit məkan olaraq Azərbaycan mühüm yer tutur. Belədə Ankara ilə Astana arasında ticarətin həcminin kəskin artması öz növbəsində Azərbaycanın da tranzit gəlirlərinin artımına stimul yarada bilər.

Azərbaycan üçün mühüm fürsət

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət əlaqələrinin kəskin artması tranzit yolu baxımından Azərbaycanın gəlirlərinin də kəskin artımına imkan verəcək:

“Hazırda Azərbaycanın ən perspektivli qeyri-neft sektoru rolunda tranzit imkanlarının genişlənməsi çıxış edir. Dünya və bölgə iqtisadiyyatında gedən prosesləri nəzərə alsaq, tranzit imkanlarımızdan faydalanmaq şansları kifayət qədər perspektivli, şaxəli və genişdir. Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin 3 dəfə artması da bu fonda Azərbaycanın tranzit imkanlarının genişlənməsi deməkdir”.

Ekspertin fikrincə, bu proses tranzit boyu ərazilərdə xidmətlərin, infrastrukturun genişlənməsinə, xidmət sektorunun bölgələrimiz üzrə artmasına səbəb olacaq:

“Nəinki təkcə Türkiyə ilə Qazaxıstan, habelə Çinlə Türkiyə, Çinlə Avropa arasında əlaqələrdə ən optimal tranzit xətləri məhz Azərbaycan üzərindən keçən tranzit xətləridir. Bu mənada Azərbaycan Astana ilə Ankara arasında ikitərəfli əlaqələrin genişlənməsindən ancaq və ancaq mənfəətlə çıxacaq”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr