Azərbaycanda illərdir davam edən və çox vaxt “ənənə” kimi qəbul olunan cehiz məsələsi bu dəfə bir gəncin həyatına son qoyması ilə faciəyə çevrildi. Ağdaş rayonunun Ləki qəsəbəsində yaşayan Qiyas İsmayılzadə adlı 24 yaşlı gəncin intiharı sosial şəbəkələrdə və media vasitəsilə geniş müzakirələrə səbəb oldu. Onun nişanının pozulmasının əsas səbəbi kimi, qız tərəfinin aldıqları cehizdəki “lüstür”ün (çilçıraq) plastik olması göstərildi.
Hadisənin baş verməsindən sonra, qızın atası açıqlamasında bildirdi ki, nişan pozulub, çünki oğlan evi qız evindən alınan “lüstür”ü bəyənməyib: “Qızım zəng edib dedi ki, “lüstür” plastikdir, oğlan tərəfi bəyənməyib. Mən də oğlanın atasına zəng etdim, soruşdum. Dedi ki, bu səbəbdən evdə narazılıq var. Mən əvvəldən demişdim, kasıbam. Cehizi qızıma almışam, sizə yox. Bu gün “lüstür”ü bəyənməyən, sabah qızımı da bəyənməyəcək”.
Bu sözlər təkcə bir qız atasının ağrılı etirafı deyil, həm də ölkədə minlərlə ailənin yaşadığı çətinliyin və gənclərin qarşılaşdığı sosial basqının bariz nümunəsidir. Azərbaycan cəmiyyətində ailə qurmaq istəyən gənclər çox vaxt sevgi və qarşılıqlı hörmət əsasında deyil, maddi tələblər, cehiz siyahıları əsasında qiymətləndirilirlər. Cehizə qoyulan yüksək tələblər, xüsusilə qız və oğlan ailələri arasında gərginlik və mübahisələrə yol açır. Belə vəziyyətlərdə gənclər sevgi və anlayış yerinə, kredit borcları, maddi təzyiqlər və sosial gözləntilər yükü ilə üz-üzə qalırlar. Nəticədə, evlilik arzusu yox, maddi yük daşımaq qorxusu üstün gəlir.
Mövzu ilə bağlı psixoloq Gülnar Səmədova deyir ki, cehiz məsələsində yaranan münaqişələr gənclərdə özünəinamın azalmasına, dəyərsiz hiss etməsinə səbəb olur:
“Cehizlə bağlı yaranan sosial və ailədaxili təzyiqlər, xüsusilə gənclərin psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bu məsələ yalnız maddi yük kimi deyil, həm də emosional travma mənbəyi kimi dəyərləndirilməlidir. Gənclər üzərlərinə qoyulan yüksək maddi tələbləri qarşılamaq üçün həm sosial, həm də ailədaxili təzyiqlərə məruz qalır, bu isə onların özünəinamının və dəyər hissinin azalmasına gətirib çıxarır. Belə təzyiqlər altında olan gənclər özlərini qəbul olunmamış və təcrid olunmuş kimi hiss edə, gələcək barədə ümidsizliyə qapıla bilərlər. Bu psixoloji gərginlik uzun müddət davam etdikdə, depressiya, anksiyete kimi ciddi ruhi pozuntuların yaranmasına, bəzən isə intihar kimi faciəli nəticələrin meydana gəlməsinə səbəb ola bilər”.
Onun sözlərinə görə, evlilik münasibətlərində maddi məsələlərin ön plana çıxması gənclərin arasındakı sevgi və inam bağlarını zəiflədir, münasibətlərdə soyuqluğa, anlaşılmazlığa gətirib çıxarır:
“Gənclərin bu cür psixoloji təzyiq altında olması onların şəxsi inkişafına da mənfi təsir göstərir, ailə həyatı üçün lazım olan emosional dayanıqlığı azaldır. Valideynlər və cəmiyyət olaraq biz gənclərin daxili dünyasına, şəxsiyyətinə daha çox dəyər verməli, onların maddi imkanlarından daha çox sevgi, anlayış və hörmət üzərində dayanmalıyıq. Ailə qurmaq istəyən gənclərin qarşısına qoyulan maddi tələbləri azaltmaq, ənənələri yeniləmək və onlara dəstək olmaq həm gənclərin psixoloji sağlamlığı, həm də sağlam cəmiyyətin qurulması üçün vacibdir. Əks halda, davam edən sosial stereotiplər və maddi yük gənclərin həyatına mənfi təsir göstərərək faciələrə yol açmaqda davam edəcək”.
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, yeni qurulan ailələrdə maddi vəziyyətlə əlaqədar yaşanan problemlər cəmiyyətdə mənəvi dəyərlərin sıxışdırılmasından qaynaqlanır:
“Min illərdir, bütün dini kitablar, müdriklər, alimlər elmi araşdırmalarda birmənalı olaraq təlqin edirlər ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlərin öndə olmadığı cəmiyyətdə hər cür gərginlik yaranır, eybəcər hallar üzə çıxır. İstər hər hansı bir ailədə, istərsə də hansısa ölkədə mənəvi dəyərlər sıxışdırılanda xoşagəlməz hallar yaşanır. Biz çalışmalıyıq ki, cəmiyyətimizdə elə proseslər getsin ki, insanlar bir-birilə mənəvi dəyərlər əsasında münasibət qursunlar. İnsanların belə bir xarakteri var ki, onlar hər zaman nəyəsə görə fərqlənməyə çalışırlar. Hətta beşikdəki körpə də müəyyən hərəkətlərlə özünü təsdiqləməyə çalışır. Bu, insan xislətidir. Problem burasındadır ki, insanlar öz üstünlüyünü mənəvi dəyərlərlə yox, güc, pul və müxtəlif əlaqələrini ortaya qoyaraq göstərməyə çalışır”.
Ekspertin sözlərinə görə, vaxtında gedişata müdaxilə olunmasa, gələcəkdə belə problemlərin qarşısını almaq mümkün olmayacaq:
“Bəzi hallarda gənclər maddi durumu nəzərə alaraq evlənirlər. Ailə qurulan zaman mənəvi dəyərlər əsas götürülməsə, sevgi olmasa, qurulacaq ailə kiminsə qızını kiminsə oğluna almaq istəyindən doğsa, hansısa qız sırf kiminləsə maddiyyata görə evlənsə, dəyərləri, sonra yaranacaq problemləri nəzərə almasa, təbii ki, döyülmə halları olacaq. Biz hadisələrə fikir vermədikcə, hadisələr daha qorxunc şəkil ala bilər”.