AZ

Rusiyanın narahatlığı Zəngəzur dəhlizinə nəzarətin Türkiyəyə verilməsi ehtimalıdır - AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirməsi durumunda bunun regiondakı vəziyyətə təsirlərini də nəzərə almalı olduğunu bildirib.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən politoloq Yusif Bağırzadə bildirdi ki, 2008-ci ildən, yəni Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşdiyi Saakaşvili dövründən və Gürcüstanın NATO və Avropa İttifaqı ilə sıx əməkdaşlığa başladığı vaxtdan bəri Rusiya tərəfi narahatlığını mütəmadi olaraq ifadə edib. Onun sözlərinə görə, Moskva NATO-nun Cənubi Qafqaza ayaq açmasına qarşı olduğunu dəfələrlə bəyan edib:

"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün son bəyanatı da böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki irəliləyiş, eləcə də ABŞ-nin Türkiyədəki və bölgədəki səfiri Barakın Zəngəzur dəhlizi ilə bağlı verdiyi təklif fonunda səslənib. Xatırladaq ki, söhbət 42 kilometrlik Zəngəzur dəhlizinin idarə olunmasının ABŞ şirkətlərindən birinə verilməsindən və dəhlizin təhlükəsizliyinin gələcəkdə NATO qüvvələri, xüsusilə də bölgəyə yaxın olan Türkiyə tərəfindən təmin olunacağı ehtimalından gedir".

Siyasətçi vurğuladı ki, bu ehtimallar Rusiya tərəfinin narahatlığını artırır və bəyanat da məhz bu narahatlığı əks etdirir.

"Halbuki qeyd edilməlidir ki, Azərbaycan və digər Cənubi Qafqaz ölkələri uzun illərdir NATO ilə əməkdaşlıq edirlər və bu proses bu gün də davam edir. Eyni zamanda, bir vaxtlar Rusiya özü də NATO ilə müxtəlif sahələrdə əməkdaşlıq qurmuşdu. Lakin xüsusilə 2014-cü ildən, yəni Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Rusiya ilə Qərb arasında münasibətlər kəskin şəkildə pisləşdi və əməkdaşlıq dayandı. Bütün bunlar fonunda Rusiya tərəfinin bu cür bəyanatları artıq siyasi reallıqlara cavab vermir və məntiqi əsasdan uzaq görünür", - deyə Y.Bağırzadə bildirdi.

Nuriyyə NATİQQIZI

Seçilən
19
redaktor.az

1Mənbələr