AZ

Azad Mirzəcanzadə inkişaf proqramının ikinci axınının nəticələri açıqlanıb

Azad Mirzəcanzadə inkişaf proqramı böyük qürur və həyəcanla ikinci axının nəticələrini elan edib.

"Report" xəbər verir ki, bu ilin fevral ayından etibarən yüzlərlə iştirakçı öz üzərində və layihələri üzərində yorulmadan çalışaraq qalib adını qazanmaq üçün mübarizə aparıb.

Bu il Azərbaycanın dörd bir yanından göndərilən çoxsaylı müraciətlər arasından 44 iştirakçı finala yüksəlib. Onların arasında həm komandalar, həm də fərdi iştirakçılar vardı. Yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib elan olunub. Bu təşəbbüslər təhsil, ekoloji problemlər, neft sənayesi, rəqəmsallaşma, kreativ sənayelər, media və digər vacib sahələrdə müsbət dəyişikliklərə ilham verir.

Qaliblər ölkənin müxtəlif şəhər və rayonlarını - Bakı, Sumqayıt, Qazax, Neftçala, Masallı, Lənkəran, Füzuli və Astaranı təmsil edirlər. Bu bir daha göstərir ki, inkişaf proqramı Azərbaycanın hər bir guşəsindən istedadlı gəncləri cəlb edir və onların cəsarətli, dəyərli ideyalarının reallaşmasına imkan yaradır.

Hər bir qalib layihəsini inkişaf etdirmək üçün 5 000 manatadək maliyyə dəstəyi alacaq. Bu vəsait ideyaların həyata keçirilməsinə və cəmiyyətə töhfə verən təşəbbüslərin başlanmasına xidmət edəcək. Maliyyə dəstəyindən əlavə, qaliblər təcrübəli peşəkarların dəstəyi, mentorluq və təlim imkanları ilə də təmin olunacaqlar. Bu təkcə maddi dəstək deyil - bu, davamlı inkişaf və uğur üçün güclü başlanğıcdır.

İkinci axının qalibləri və onların layihələri aşağıdakılardır:

- Afaq Yusifli və “İzzət” kino mükafatı layihəsi
Layihə Azərbaycanda qadınların kino sahəsindəki yaradıcı və peşəkar fəaliyyətini təşviq etmək üçün milli kino mükafatının təsis edilməsinə yönəlib.

- Nuray Əliyeva, Ramal Əsgərov və “CodeByte” layihəsi
CodeByte – zəif internet bağlantısı ilə belə proqramlaşdırmanı öyrənməyə imkan verən, yüklənə bilən video kurslardan ibarət təhsil platformasıdır.

- Ələkbər Hüseynzadə, Zəhra Qənbərova və “RoGreen” layihəsi
Layihə kənd yerlərində yaşayan sosial cəhətdən həssas qadınlara sifariş əsasında bitki və dekorativ məhsullar yetişdirməklə sosial sahibkarlıqla məşğul olmağa imkan yaradır. Məqsəd — davamlı gəlir mənbəyi və yaşıl iqtisadiyyatın inkişafına töhfə vermək.

- Pəri İbrahimova və “İdarəçi gənc” layihəsi
Layihə gənclərin liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirməyə yönəlib. Məqsəd — dövlət, bələdiyyə, QHT və vətəndaş cəmiyyətində fəaliyyət göstərə bilən məsuliyyətli gənclər yetişdirməkdir.

- Sərxan Talıbzadə və “WoocaBee” layihəsi
WoocaBee – xarici dillərin effektiv öyrənilməsi üçün təhsil platformasıdır.
Layihə oyun motivasiyası, süni intellektlə yaradılan tapşırıqlar və müxtəlif tədris paketlərinə əsaslanaraq dil öyrənmə prosesini dəstəkləyir. Əsas məqsəd — dil öyrənmənin açar elementi olan söz yaddaşını sistemləşdirməkdir.

- Məryam Axundova, Adil Səttarov, Rəsul Rəhimov və “MAPS” layihəsi
MAPS – süni intellekt və “arıqovanı” koordinasiyası ilə idarə olunan modullu dron sistemidir. u sistem təbii fəlakət və texnogen risk zonaları da daxil olmaqla, ekstremal və təhlükəli şəraitdə tikinti tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malikdir.ə

- Elnur Əlizadə və “MagOER” layihəsi
Layihə maqnit sahəsindən istifadə etməklə tükənməkdə olan neft yataqlarının işlənmə səmərəliliyinin artırılmasına yönəlib. Üsul ekoloji təmiz, iqtisadi cəhətdən səmərəli, enerjiyə qənaətcil və texnoloji baxımdan asanlıqla həyata keçirilə bilən müasir innovativ yanaşmadır.

- Aysel İbrahimova və “OpenScience Media Lab” layihəsi
Layihə ölkədə elmi kommunikasiya mədəniyyətinin gücləndirilməsinə və əhali arasında elmə marağın formalaşdırılmasına yönəlib. Eyni zamanda, bu layihə elmi düşüncə tərzinin və cəmiyyətdə baş verən hadisələrə şüurlu yanaşmanın inkişafına töhfə verir.

- Səidə Rəhimli və “CMC” layihəsi
Layihə fotokatalizatorlar və ferro-maqnit nanozərrəciklərdən istifadə etməklə dənizləri plastik və qeyri-organik tullantılardan təmizləyən süni intellekt əsaslı avtonom robotun hazırlanmasına yönəlib. Məqsəd dəniz ekosisteminin qorunması, çirklənmənin azaldılması və bu texnologiyanın Xəzər dənizində real şəraitdə sınaqdan keçirilməsidir.

- Maral Nəcəfli və “Rəqəmsal yaddaş xəritəsi” layihəsi
Layihə yaşlı nəslin həyat təcrübəsi və xatirələrinin rəqəmsal platforma vasitəsilə qorunmasına, nəsillərarası əlaqələrin möhkəmləndirilməsinə və sosial inteqrasiyanın artırılmasına yönəlib. Layihə foto, audio və video materiallardan ibarət əlçatan arxiv yaradaraq mədəni irsin qorunmasına və sosial təcridin azaldılmasına töhfə verir.

Xatırladaq ki, Azad Mirzəcanzadə inkişaf proqramı Azərbaycanda yaşayan, innovativ və sosial əhəmiyyətli təşəbbüsləri həyata keçirmək potensialına malik 18-35 yaşlı gənclərin dəstəklənməsinə yönəlib. Proqram iştirakçılara liderlik bacarıqlarını, sahibkarlıq düşüncəsini və sosial fəallığı inkişaf etdirmək üçün unikal imkanlar təqdim edir.

Proqram çərçivəsində iştirakçılar yalnız maliyyə dəstəyi ilə kifayətlənmirlər, onlar eyni zamanda layihə idarəçiliyi, ekspertlərlə effektiv əməkdaşlıq və mövcud resurslardan səmərəli istifadə bacarıqları qazanırlar.

Proqram sosial və biznes yönümlü müxtəlif sahələri əhatə edir. 2023-cü ildən bəri artıq iki axın baş tutub. Birinci axında 6 qalib seçilmişdisə, ikinci axında qaliblərin sayı artıq 10-a çatıb.

Artıq üçüncü axın üçün müraciətlərin qəbulu açıqdır. Əgər sizin dünyanı dəyişə biləcək bir ideyanız varsa, yeni çağırışlar və ambisiyaların reallaşması üçün müraciət edilə bilərsiniz.

Ətraflı məlumat və müraciət forması bu linkdədir:

Instagram
(https://www.instagram.com/azadm_ink_proqrami/)

Facebook
(https://www.facebook.com/share/1FJftvTb8k/?mibextid=wwXIfr)

LinkedIN (https://www.linkedin.com/company/azad-mirz%C9%99canzad%C9%99-i%CC%87nki%C5%9Faf-proqram%C4%B1/)

https://forms.gle/LCekqpwpKKSboAhD7

Seçilən
25
1
report.az

2Mənbələr