AZ

Milli sərvətimiz olan ana dilinin qorunması azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir

Dil hər bir xalqın milli-mənəvi varlığını, tarixi yaddaşını, dünyagörüşünü və mədəni dəyərlərini daşıyan başlıca vasitədir. Bir millətin kimliyinin yaşadılması üçün ana dilinin inkişafı əsas şərtlərdən biridir. Azərbaycan xalqının milli mənsubiyyətini və özünüdərkini formalaşdıran Azərbaycan dili XX əsrdə mürəkkəb və çətin tarixi mərhələlərdən keçmişdir. Lakin xalqımızın iradəsi, maarifpərvər ziyalıların fədakar fəaliyyəti və ölkə rəhbərlərinin qətiyyətli addımları nəticəsində ana dilimiz müstəqil dövlətimizin əsas atributlarından birinə çevrilmişdir.

1930-cu illərdə dil məsələsini gündəmə gətirən ziyalıların sərt şəkildə cəzalandırılması, sürgünlərə göndərilməsi ayrı-ayrı xalqların ana dilini qorumaq cəhdlərinin qarşısını kəsirdi. Sovet İttifaqını təşkil edən respublikaların rəhbərləri belə bu məsələdə ciddi təşəbbüs göstərməyə cəsarət etmirdilər. Belə bir siyasi mühitdə ana dilini müdafiə etmək, onun rəsmi statusunu təmin etmək böyük qətiyyət tələb edirdi. 1970-ci illərin ortalarından etibarən bu respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ rəhbərliyinin milli dillərə qarşı sərgilədiyi assimilyasiya siyasəti nəticəsində bir çox xalqların ana dili sıxışdırılırdı.

Ulu Öndər Heydər Əliyev milli dilə qarşı aparılan basqılara baxmayaraq hər zaman Azərbaycan dilinin müdafiəsində qətiyyətli mövqe sərgiləmişdir. O, xalqı və ziyalıları ana dilinin qorunması və inkişafı istiqamətində mübarizəyə səsləmiş, bütün çətinliklərə baxmayaraq, bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış etmişdir. SSRİ Konstitusiyasının müzakirəsi zamanı Ümummilli Lider Heydər Əliyevin dilə dair çıxışları dahi şəxsiyyətin ana dilinə bağlılığını və cəsarətini bir daha nümayiş etdirmişdir.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması məsələsində Ümummilli Liderin xidmətləri əvəzsizdir. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası daxil edilmişdir. Bu, həmin dövr üçün son dərəcə cəsarətli addım idi və ana dilimizin hüquqi müstəvidə tanınmasının təməlini qoymuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasında da bu prinsip qorunub saxlanılmışdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Bu amil həm milli kimliyin, həm də müstəqil dövlətçiliyin mühüm əlamətlərindən biri olmuşdur.

Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci ilin 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan dilinin cəmiyyətin bütün sahələrində istifadə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməyə başlandı. Həmin Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu sənəd dövlət dilinin tətbiqi, qorunması və inkişafı baxımından sistemli bir siyasətin təzahürü kimi dəyərləndirilə bilər.

Ümummilli Liderin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il ölkəmizdə avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu faktor həm də ana dilimizə olan ehtiramın, onun gələcək nəsillərə təmiz və zəngin şəkildə ötürülməsi çağırışının növbəti təcəssümüdür. Sözügedən təşəbbüs qloballaşan dünyada milli dəyərlərimizin və ana dilimizin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirərək, ana dilimizin qorunması və inkişafı sahəsində müasir dövrün tələblərinə uyğun konkret və ardıcıl tədbirlər həyata keçirmişdir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. 9 aprel 2013-cü il tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub.

Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bütün bu təşəbbüslər sübut edir ki, Azərbaycan dövləti öz dilinə milli sərvət kimi yanaşır və onun inkişafını milli ideologiyanın ayrılmaz hissəsi hesab edir.

Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi varlığımızı yaşadan başlıca amildir. Dilimizin ictimai həyatın bütün sahələrində geniş şəkildə tətbiqi və gənc nəslə layiqincə aşılanması istiqamətində görülən məqsədyönlü tədbirlər ölkədə həyata keçirilən dövlət dil siyasətinin bariz nümunəsidir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə bu əvəzsiz milli sərvətin dəyərini bir daha xatırladır.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı

Seçilən
55
3
ikisahil.az

4Mənbələr