15:00
Ukrayna mediasının məlumatına görə, Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlamasında bildirib ki, hücum nəticəsində 8 nəfər həlak olub, 124 nəfər yaralanıb. Yaralananlar arasında 10 uşaq, həlak olanlar arasında isə 1 uşaq var.
"Yaralı şəxslərə tibbi yardım göstərilir. Xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər", - deyə Tkaçenko əlavə edib.
-------
Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumu nəticəsində azı 6 nəfər həlak olub, 43 nəfər isə yaralanıb. Zərbələr dronlar və ballistik raketlər vasitəsilə həyata keçirilib.
Gundem.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko yayıb.
O bildirib ki, hazırda 6 nəfərin həlak olması təsdiqlənib, lakin dağıntıların altında qalan daha çox insan ola bilər.
Onun sözlərinə görə, xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir.
Kiyev meri Vitali Kliçko isə hücum nəticəsində 43 nəfərin yaralandığını açıqlayıb. Onlardan 26 nəfər şəhərin müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var. Həlak olan qadının meyiti isə dağıntılar altından çıxarılıb.
Raket zərbələri nəticəsində Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox ziyan görüb. Ümumilikdə, 27-dən çox məkanda dağıntılar müşahidə olunub. Zərbələr nəticəsində bir neçə yaşayış binası, o cümlədən bir binanın giriş hissəsi tamamilə dağılıb, çoxsaylı evlərə və infrastruktura ciddi ziyan dəyib.
Rəsmi qurumlar əhalini ayıq-sayıq olmağa çağırır və hava həyəcan siqnallarına ciddi yanaşmağı tövsiyə edir. /Milli.Az