AZ

Müasir təhsil sistemində beynəlxalq sertifikatlaşdırmanın əhəmiyyəti

Son illərdə təhsil sistemində baş verən sürətli dəyişikliklər təhsilverənlərin peşəkarlıq səviyyəsinin obyektiv meyarlarla qiymətləndirilməsini və inkişaf etdirilməsini zəruri etmişdir. Bu kontekstdə “təhsilverənlərin sertifikatlaşdırılması” anlayışı aktuallaşmış və artıq uzun müddətdir ki, Azərbaycan təhsil məkanında bu proses sistemli şəkildə həyata keçirilir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilk baxışdan yalnız qiymətləndirmə funksiyası daşıyırmış kimi görünsə də, əslində bu, müəllimlərin öz peşəkar fəaliyyətlərinə tənqidi yanaşmasını təşviq edən, onların bilik və bacarıqlarını daim yeniləməsini stimullaşdıran mühüm bir inkişaf vasitəsidir.
Aparılan araşdırmalar göstərir ki, sahəsindən asılı olmayaraq bütün peşəkar fəaliyyət sahələrində çalışan şəxslər öz üzərində mütəmadi olaraq çalışmalı, yeni biliklərə açıq olmalı və innovativ yanaşmaları mənimsəməlidirlər. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsilverənlərin sertifikatlaşdırılması prosesi də məhz bu məqsədə xidmət edir. Bu proses yalnız yerli qiymətləndirmə ilə məhdudlaşmır, eyni zamanda təhsilverənlərin beynəlxalq təcrübəyə inteqrasiyasını təşviq edir.

İngilis dili müəllimləri üçün illərdir tanınan beynəlxalq sertifikatlar – TESOL (Teaching English to Speakers of Other Languages), TEFL (Teaching English as a Foreign Language), CELTA (Certificate in Teaching English to Speakers of Other Languages), DELTA (Diploma in Teaching English to Speakers of Other Languages) və TESL (Teaching English as a Second Language) kimi proqramlar bu sahədəki standartları müəyyənləşdirmişdir. Lakin burada haqlı bir sual ortaya çıxır: digər fənn müəllimləri üçün bu tip beynəlxalq sertifikatlaşma imkanları mövcuddurmu?

Bu suala cavab olaraq qeyd etmək olar ki, son üç il ərzində Elm və Təhsil Nazirliyi Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE Azərbaycan) ilə birgə əməkdaşlıq çərçivəsində “Microsoft Certified Educator” beynəlxalq sertifikatlaşdırma proqramının icrasına başlamışdır. Bu məqsədlə “Microsoft Sertifikatlı Pedaqoq” beynəlxalq sertifikasiyaya hazırlıq proqramı çərçivəsində həmmüəllifi olduğum eyniadlı vəsait ərsəyə gəlmişdir. Həmçinin Certiport platforması lokallaşdırılmış, Azərbaycan dilinə tərcümə edilmiş və ölkə üzrə səlahiyyətli imtahan mərkəzi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Certiport platforması dünyada geniş yayılmış və akademik səviyyədə ixtisaslaşdırılmış praktiki sınaq imtahanları əsasında beynəlxalq sertifikatlar təqdim edən nüfuzlu bir qurumdur. Hal-hazırda bu platforma 12 000-dən artıq səlahiyyətli imtahan mərkəzi vasitəsilə fəaliyyət göstərir.

Proqramı uğurla tamamlayan təhsilverənlər yalnız pedaqoji sahədə deyil, eyni zamanda beynəlxalq standartlara uyğun şəkildə aşağıdakı yeddi əsas istiqamət üzrə qiymətləndirilir: “Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya-kommunikasiya vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət”. Bu modullar üzrə yüksək nəticə göstərən müəllimlər “Microsoft Certified Educator” sertifikatı ilə təltif olunurlar.
Digər mühüm təşəbbüslərdən biri də “Google Certified Educator” proqramıdır. Bu proqram Google for Education platformasına əsaslanır və müəllimlərin texnologiyadan effektiv istifadə bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyir. Proqram çərçivəsində müəllimlər Google Classroom, Docs, Forms, Slides, Drive və digər alətlərdən tədrisdə yaradıcı və innovativ şəkildə istifadə etməyi öyrənir, real tapşırıqlar əsasında qiymətləndirilir və 3 il müddətinə etibarlı olan beynəlxalq sertifikat əldə edirlər.

Müəllif olaraq, Elm və Təhsil Nazirliyinin elan etdiyi VIII qrant müsabiqəsinin qalibi kimi “Google Sertifikatlı Pedaqoq” adlı layihəni uğurla həyata keçirmişəm. Layihə çərçivəsində müəllimlərə Google Workspace for Education alətləri üzrə təlimlər təşkil olunmuş, onlara beynəlxalq imtahana hazırlıq məqsədilə təlimlər və sınaq qiymətləndirmələri təqdim edilmişdir. Nəticədə bir sıra müəllimlər Google Certified Educator – Level 1 və Level 2 sertifikatlarını əldə edərək həm öz peşəkar inkişaflarını təmin etmiş, həm də təhsildə texnologiyanın effektiv tətbiqi üzrə nümunəvi təcrübələr formalaşdırmışlar. Bu layihə, eyni zamanda, təhsilverənlərin qlobal müəllim icmasına inteqrasiyasına zəmin yaratmış, onların rəqəmsal liderlik bacarıqlarını artırmış və təhsil prosesinə texnologiyanın məqsədyönlü şəkildə inteqrasiyasına töhfə vermişdir.

Nəticə etibarilə, təhsilverənlərin beynəlxalq sertifikatlarla peşəkar inkişafı, onların tədris keyfiyyətinin artırılmasında, innovativ düşüncə tərzinin formalaşmasında və rəqəmsal savadlılığın yayılmasında mühüm rol oynayır. Bu kimi layihələrin genişlənməsi və davamlılığı, təhsilin keyfiyyətinin artırılması istiqamətində strateji əhəmiyyət kəsb edir.

Təranə Nuriyeva- Bakı şəhəri 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,

beynəlxalq dərəcəli təlimçi

Seçilən
6
azedu.az

1Mənbələr