Nyu-Meksiko ştatının (ABŞ) hakimi Hollivud ulduzu Aleks Bolduinin prokurorlar əleyhinə qərəzli təqib və 2021-ci ildə "Pas" ("Rust") vesterninin çəkilişləri zamanı baş vermiş atəş hadisəsi ilə bağlı vətəndaş hüquqlarının pozulması iddiasını rədd edib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Deadline" xəbər verib.
Bildirilib ki, Bolduin 73 səhifəlik mülki iddiasını yanvar ayında təqdim etmiş, prokurorun sübutları gizlətdiyini iddia etmişdi. Lakin o vaxtdan bəri vəkilləri işin irəliləməsi üçün heç bir addım atmayıb, hətta cavabdehlərə iddia ilə bağlı bildiriş belə göndərməyiblər.
Hakim Keysi Fits iyulun 30-da keçirilən məhkəmə iclasında işin dayandırılması barədə sərəncam verib. İş iddiaçıların tələbi ilə altı ay ərzində yenidən başlana bilər.
"Əgər danışıqlar (cavabdehlərlə) tez və əlverişli şəkildə həll olunmasa, biz dərhal təkrar ərizə təqdim edəcəyik", - deyə Bolduinin vəkilləri bildiriblər.
Xatırladaq ki, 2021-ci ildə "Pas" ("Rust") filminin çəkiliş meydançasında Bolduin təsadüfən atışa hazır olan silahdan atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Bolduinə qarşı adam öldürmə ilə bağlı rəsmi ittiham irəli sürülmüşdü. Daha sonra aktyora qarşı ittihamlar götürülüb və o, layihədə çəkilişlərini davam etdirə bilib. Filmin çəkilişləri isə faciədən 18 ay sonra başa çatıb.
Aktyor özü bildirmişdi ki, bu hadisədən sonra onda psixi pozuntu inkişaf edib.
"Cebheinfo.az"