AZ

Bu şəxslər də sertifikasiyadan keçəcək — Nələr dəyişəcək?

“Bağça müəllimlərinin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi təhsil sistemində illərdir arxa planda qalan, lakin erkən uşaqlıq təhsilinin keyfiyyətinə birbaşa təsir edən mühüm islahatlardan biri kimi qiymətləndirilə bilər. Azərbaycanda məktəbəqədər təhsil sahəsi uzun müddət diqqətdən kənarda qalıb, müəllimlərin peşəkarlıq səviyyəsi üzrə vahid standartlar formalaşdırılmayıb və nəticədə valideynlər bağçalara əsasən fərdi tanışlıq və reputasiya əsasında seçim edirlər. Sertifikasiya prosesi bu vəziyyətin dəyişdirilməsi üçün vacib addım ola bilər, lakin onun effektivliyi tətbiq mexanizmlərindən birbaşa asılı olacaq".

Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bağça müəllimlərinin böyük hissəsi ali pedaqoji təhsilli deyil və bir çox hallarda yalnız qısa müddətli kurslarla və ya illərlə toplanmış təcrübə əsasında fəaliyyət göstərir:



“Elm və Təhsil Nazirliyinin 2023-cü il məlumatına görə, məktəbəqədər müəssisələrdə çalışan 12 minə yaxın müəllimin təxminən 40 faizi profil təhsilli deyil və bu, uşaqların inkişaf proqramlarının keyfiyyətinə mənfi təsir göstərir. Sertifikasiya imtahanlarının tətbiqi müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, keyfiyyətsiz kadrların müəyyənləşdirilməsi və ümumilikdə sahədə standartlaşdırmanın aparılması baxımından müsbət nəticə verə bilər.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsində məktəbəqədər təhsilin dövlət tərəfindən təşkilinin məqsədi uşaqların intellektual, fiziki və emosional inkişafını təmin etmək kimi göstərilir. Lakin bu məqsəd yalnız keyfiyyətli müəllim heyəti ilə mümkün ola bilər. Sertifikasiya bu hüquqi öhdəliyin icrası üçün real alət rolunu oynaya bilər. Sertifikasiyadan keçən müəllimlərin əlavə motivasiya mexanizmləri – maaş əlavələri, peşəkar inkişaf proqramlarına çıxış imkanı, ixtisasartırma kurslarının dövlət hesabına təşkili – tətbiq olunsa, proses həm müəllimlərin özünü inkişafına təkan verər, həm də bağçalarda kadr keyfiyyətini yüksəldər".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr