AZ

​"Araz-Naxçıvan" mərhələni keçə biləcək?

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aris” ilə üz-üzə gələcək. İlk oyunda Yunanıstan təmsilçisini 2:1 məğlub edən "Araz-Naxçıvan"ın bugünkü nəticəsi necə gözlənilir? İdman eksperti Ceyhun Rzayev Metbuat.az-a açıqlamasında ilk oyunda "Araz Naxçıvan"ın qələbəsinin bir çoxlarını təəccübləndirdiyini deyib: “Çünki "Aris"in gücü bəllidir və bu cütlükdə aşkar favorit məhz "Aris" sayılırdı. Amma "Araz Naxçıvan"ın əsas heyətində meydana çıxan beş yeni transfer özlərini çox yaxşı tərəfdən göstərdi. Elə bunun sayəsində komanda qələbə qazandı. Hələ Felipe Santos və Hamidu Keyta qol vəziyyətlərindən istifadə etsəydilər, fərq daha da böyük ola bilərdi”. Ekspertin sözlərinə görə, əldə olunan üstünlük hələ "Araz Naxçıvan"a mərhələ keçmək baxımından xüsusi bir təminat vermir: “Yunanıstan azarkeşlərinin necə fanatik olduğunu bilirik və mən düşünürəm ki, ümumilikdə "Aris" cavab oyununa daha ciddi yanaşacaq. Bakıdakı oyunda isə "Aris"in futbolçularının əksəriyyəti hazır deyildi. Bu baxımdan demək olar ki, "Araz Naxçıvan"ın işi cavab oyununda çox çətin olacaq. Mərhələni keçmək üçün Bakıdakı oyundakı çıxışı təkrarlamaq, bəlkə ondan da yaxşı oynamaq lazımdır. Mütləq mübarizə aparmaq, meydanın hər qarışı uğrunda qaçmaq, döyüşmək lazımdır. Əlbəttə ki, bəxt də bizim tərəfimizdə olmalıdır. Ümid edirəm ki, "Araz Naxçıvan" mərhələni keçəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
metbuat.az

1Mənbələr