Bu gün Bakının məşhur restoranlarından birində səhnəyə çıxması planlaşdırılan türkiyəli müğənni Rza Tamer çıxışdan imtina edib.
Milli.Az xəbər verir ki, bu barədə sənətçinin sosial şəbəkələrdə paylaşdığı videoaçıqlamada məlumat verilib.
Rza Tamer konserti ləğv etməsinin əsas səbəbi kimi Azərbaycanda Türkiyə lirəsinin keçərli olmamasını göstərib:
"Bu gün Azərbaycanda konsertimiz olmalı idi. Bir gün öncədən gəzmək üçün Bakıya gəldim. Məkanla bağlı heç bir problem yoxdur, çox gözəl qarşıladılar, insanlar möhtəşəmdir. Amma konserti ləğv etmək məcburiyyətində qaldıq. Mən türk lirəsinin keçmədiyi ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm, mənə əsəbləşməyin, anlayışla qarşılayın".
Müğənninin bu fikirləri izləyicilər arasında geniş müzakirə və tənqidə səbəb olub. Bir çoxları onun açıqlamasını qeyri-peşəkar və əsassız hesab ediblər.
Məsələ ilə bağlı konsertin baş tutacağı restoranla əlaqə saxlanılıb. Restorandan bildirilib ki, Rza Tamer ötən gün Bakıya gəlib, bu gün isə qəfil şəkildə Türkiyəyə qayıdıb:
"Hazırda onunla danışıqlar davam edir. Dünən onu qarşıladıq, hər şey qaydasında idi. Səhər isə qəfil qayıtmaq istədiyini dedi. Türkiyəyə qayıtdıqdan sonra həmin açıqlamanı yayımlayıb. Bizə su almaq istədiyini, amma lirənin keçmədiyi üçün ala bilmədiyini söylədi. Biz də ona başa saldıq ki, Türkiyədə də manat keçmir. Lakin izahımızı qəbul etmədi. Qeyd edək ki, onunla müqavilə öncədən dollarla razılaşdırılmışdı. Hal-hazırda çıxışın baş tutmaması ilə bağlı rəsmi açıqlama yaymamışıq, çünki danışıqlar davam edir".
Xatırladaq ki, küçə musiqisi ilə məşhurlaşan Rza Tamerin "Benden Sonra" adlı mahnısı son günlər sosial şəbəkələrdə trendə çevrilib.
Asya
Milli.Az