Mərkəzi Gömrük Hospitalında beynəlxalq farmasevtik şirkət “Novartis”in nümayəndələri ilə əməkdaşlıq görüşü baş tutub. Görüşdə səhiyyə sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi, innovativ müalicə metodlarının tətbiqi, tibbi təhsil və təcrübə mübadiləsi istiqamətlərində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov və Nahidə Mahmudova, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov, habelə “Novartis” şirkətinin Qazaxıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov və Vlada Emelyanova, marketinq meneceri Vəfa Əliyeva, layihə meneceri Xumar Bağırova, şöbə rəisləri, həkimlər və rezidentlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ceyhun Məmmədov “Novartis” kimi dünyaca tanınmış və innovasiyalara əsaslanan bir şirkətlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, bu əməkdaşlığın pasiyent məmnuniyyətinə və ölkənin ümumi səhiyyə sisteminin inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Məmmədov qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının peşəkar tibbi heyəti və qabaqcıl texniki imkanları belə əməkdaşlıq üçün güclü baza yaradır.
“Novartis”in Qazaxıstan nümayəndəliyinin brend menecerləri şirkətin qlobal səviyyədəki uğurları, müasir müalicə protokolları və nadir, xroniki xəstəliklərin müalicəsində tətbiq olunan innovativ yanaşmalar haqqında geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, əməkdaşlıq çərçivəsində yalnız müalicə deyil, həm də klinik tədqiqatlar və tibbi təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Şirkətin layihə meneceri Xumar Bağırova “Azərbaycanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə gömrük əməkdaşlarına lipid profilinin skrininqi üzrə layihə” mövzusunda təqdimatla çıxış edib. Layihənin məqsədləri, əhatə dairəsi və gözlənilən nəticələri barədə ətraflı məlumat verilib.
Təqdimatlardan sonra görüş iştirakçıları – Rəşad Mahmudov, İsmayıl Əfəndiyev, Bəxtiyar Musayev, Nabil Seyidov, kardioloq Günay Hətəmova və damar cərrahı Səbuhi Dadaşov – layihə ilə bağlı fikir və təkliflərini bildiriblər. Görüş zamanı gələcək əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində konkret addımların atılması müzakirə olunub.
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi