Kanada baş naziri Mark Karni ölkəsinin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında Fələstini rəsmi şəkildə tanıyacağını bəyan edib.
AzPost xəbər verir ki, bu addım Fransa, Böyük Britaniya və daha on dörd ölkənin imzaladığı birgə bəyanatın ardınca atılıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro tərəfindən yayımlanan və “Nyu-York Çağırışı” adlanan sənəddə qeyd olunub ki, imzaçılar ya artıq Fələstini tanıyıb, ya da bunu etmək niyyətindədirlər. Bəyanat, yaxın aylarda müstəqil Fələstin dövlətinin tanınması istiqamətində yeni dalğanın başlaya biləcəyini göstərir.
Böyük Britaniya və Fransanın Fələstini tanıyacağı ilə bağlı verdiyi qərarlar Kanada üçün ilhamverici olub. Yeni Zelandiya və Avstraliya da bəyanata imza ataraq yaxın aylarda bu addımı atmağa hazır olduqlarını nümayiş etdiriblər.
Baş nazir Mark Karni bu qərarı beynəlxalq ədalətin və iki dövlətli həll prinsipinin dəstəklənməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Kanada bu yolla Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna dəstək verir.