BAKI, 30 iyul. TELEQRAF
Dövlət Neft Fondunun Moskvadakı Tverskaya əmlakı 256,1 milyon rubl icarə gəliri gətirsə də, bazar dəyəri 82,3 milyon rubl azalıb.
Teleqraf Hesablama Palatasının Fondun 2024-cü il büdcəsinin icrası haqqında rəyinə istinadən xəbər verir ki, 31 dekabr 2024-cü il tarixinə daşınmaz əmlak alt portfelinə daxil olan birbaşa investisiyalar portfelin 18,78%-ni təşkil edib.
Bu investisiyalardan məzənnə fərqi nəzərə alınmadan əldə olunan ümumi gəlirlilik 5,4% olub. Portfeldə ümumilikdə dörd əmlak kompleksi yer alır.
Londondakı "Seynt Ceyms78" ünvanında yerləşən əmlak və Parisdəki "Place Vendome" kompleksi müsbət dinamika nümayiş etdirib. Hər iki əmlak üzrə həm bazar dəyərində artım, həm də net icarə gəlirlərində müsbət nəticələr müşahidə olunub.
Digər tərəfdən, Tokyodakı Kirarito Ginza əmlakı üzrə vəziyyət fərqli olub. 2024-cü ildə bu obyektin bazar dəyəri 392,0 milyon yen artaraq müsbət meyl göstərsə də, net icarə gəliri mənfi 471,8 milyon yen təşkil edib. Nəticədə ümumi maliyyə göstəricisi təxminən 79,8 milyon yenlik zərərlə yekunlaşıb.