İran daxilindəki bu fikir ayrılığı Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-İran münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Məlumdur ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri başa düşülən deyil. Dəfələrlə demişik ki, Zəngəzur dəhlizi İranın özü üçün də yeni iqtisadi alternativlər və nəfəslik deməkdir. İranda bəzi siyasətçilər Zəngəzur dəhlizi layihəsini öz maraqları prizmasından izah etməyə çalışır və bütün bunlar, təbii ki, bu layihənin İran tərəfindən hələ də doğru şəkildə anlaşılmadığını göstərir. Bunun ən böyük səbəbi odur ki, İran təkcə regional yox, həm də qlobal hadisələrə normal baxış sərgiləmir. Yəni bütün hadisələrə dar, məzhəbçi-ideoloji yöndən yanaşan qüvvələr İran siyasətində daha çox təsir gücünə malikdir. Nəticədə bu gün İranın istər regional, istərsə də qlobal siyasətlə bağlı mövqeləri kifayət qədər anlaşılmaz bir vəziyyət yaradır.
Hər bir halda, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı Azərbaycan-İran münasibətlərinin daha yüksək səviyyəyə çatmasına əngəl törədir. Amma tək bu da deyil. İran daxilində bəzi təbliğat qrupları hələ də Azərbaycan əleyhinə fəaliyyət göstərir. Halbuki Azərbaycan ən yüksək səviyyədə dəfələrlə İranla müsbət münasibətlərə önəm verdiyini açıqlayıb. Buna baxmayaraq, İran tərəfindən Azərbaycana qarşı informasiya təxribatının güclənməsi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı qəbulolunmaz ritorika bu proseslərin müsbət tonla davam etməsinin qarşısında ən böyük əngəllərdən biridir. Və əlbəttə ki, Tehran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün əlindən gələn bütün vasitələrdən istifadə etməyə çalışır və çalışacaq. Amma hesab edirəm ki, Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq".
Zeynəb Mustafazadə