AZ

Ankaranın su təchizatı böhranı: Süni yağış üsulu problemi həll edəcəkmi?

Ankara, 31 iyul, AZƏRTAC

Türkiyə paytaxtını təmin edən su anbarlarında suyun həcmi 22 faizə qədər azalıb ki, bu da cəmi üç aya bəs edər.

AZƏRTAC xəbər verir ki, Anadolunun mərkəzi bölgəsində quraqlıq, anomal istilər və meşə yanğınlarının sayının artması fonunda bir sıra mütəxəssislər xüsusilə Ankara bölgəsində bulud səpmə və ya süni yağış texnologiyasına müraciət etməyi təklif edirlər.

Lakin Ankaranın Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Ali Ümran Kömüsçünün fikrincə, bu üsul problemi həll etməyəcək, eyni zamanda çoxmilyonluq şəhərin flora və faunasını təhdid edəcək.

“Ankara su səviyyəsi 20 faizə endiyi Kurtboğazı da daxil olmaqla, səkkiz su anbarı vasitəsilə təmin edilir. Ötən il iyulun sonunda Ankaranın su anbarlarında suyun həcmi 42 faiz təşkil edib, yəni bir il ərzində suyun səviyyəsində ikiqat azalma müşahidə olunub”, - deyə Kömüşçü süni yağış metodunu “Türkiyə üçün qeyri-effektiv” adlandırıb.

“90-cı illərdə İstanbul və Ankarada artıq bu mexanizmi tətbiq etməyə çalışıblar, lakin istənilən effekt əldə edilməyib. Düşünürəm ki, ən yaxşı çıxış yolu yağış suyunun yığılmasıdır. Məsələn, iyulun 18-də Ankarada güclü leysan yağışı olub. Bir gündə paytaxt ərazisinə illik norma nisbətində 12 faiz yağıntı olub, lakin təəssüf ki, biz su toplama sistemini yarada bilmədik”, - deyə ekspert bildirib.

Eyni zamanda, paytaxtın bələdiyyə orqanları yaxınlıqdakı çaylardan suyun anbarlara ötürülməsi variantını nəzərdən keçirir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
8
1
azertag.az

2Mənbələr