Minadan yalnız insanlar deyil, təbiət də əziyyət çəkir
Ermənistan bu məsuliyyəti dərk etməli və Azərbaycana kompensasiya ödəməlidir
Müharibələr təkcə döyüş meydanlarında deyil, ondan sonra da insanların və təbiətin həyatında dərin izlər buraxır. Bu izlər arasında ən təhlükəlisi və uzunmüddətlisi minalardır. Münaqişə bitdikdən sonra illərlə, bəzən onillərlə qalan bu gizli ölüm tələləri, yalnız insan həyatını deyil, bütövlükdə ekosistemi və yaşayış mühitini də təhdid altına alır.
Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz “X” hesabında minaların təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükə olduğunu yazıb.
O bildirib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Mina bütün müharibələrin ən böyük problemidir. Hər bir müharibə sülhlə başa çatsa da, onun fəsadları uzun müddət aradan qalxmır. Həm Birinci və İkinci Dünya müharibəsində, həm də lokal və total müharibələrdə ən ciddi və uzunmüddətli problemlərindən biri məhz mina olub . Minadan yalnız insanlar deyil, təbiət də əziyyət çəkir. Minaların müxtəlif coğrafiyalarda, xüsusilə də heyvanat aləmində yaratdığı problemlər ciddi ekoloji fəsadlara, böyük itkilərə və təbiətin ritminin pozulmasına səbəb olur. Bu yaxınlarda Kəlbəcər bölgəsində minaya düşən bir ayının ayağını itirməsi ilə bağlı yayılan video da bu təhlükənin miqyasını bir daha göstərdi. Bu hadisə bir daha sübut edir ki, mina yalnız insan həyatı üçün təhlükəli deyil, digər canlıların da məhvinə səbəb olan amildir.
Mina elə bir problemdir ki, onun fəsadları heç vaxt tam olaraq bitmir. Minanı zərərsizləşdirmədicə, o səni zərərsizləşdirir. Bu səbəbdən mina beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlar sırasındadır".
Ekspert Ermənistanın mina xəritələrini hələ də Azəzərbaycana vermədiyinə diqqət çəkib:
"Buna baxmayaraq Ermənistan bu məsələdə son dərəcə aqressiv mövqe nümayiş etdirərək torpaqlarımızın boşaldılması zərurəti qarşısında kapitulasiya aktını imzaladıqdan sonra, dağlıq ərazilərimizə çoxlu sayda mina basdırdı. Bu minaların da böyük əksəriyyəti piyada əleyhinə minalardır. Onların çoxu Ermənistandakı mina istehsal edən zavodlardan gətirilib.
Minaların yerləşmə xəritələri ilə bağlı da ciddi problemlər mövcuddur. Ermənistan minaların dəqiq coğrafi koordinatlarını özündə əks etdirən xəritələri Azərbaycana təqdim etməyib. Təqdim olunan xəritələrdə isə koordinatlar dəqiq deyil. Bu isə Azərbaycan üçün olduqca böyük təhlükə yaradır. Azərbaycan Mina Əleyhinə Konvensiyanın üzvü kimi bu sahədə digər dövlətlərin köməyindən faydalana bilir. Lakin bu, o qədər ciddi problemdir ki, onun fəsadları illərlə davam edir".
İbrahim Rüstəmli Qarabağ ərazisindəki minaların böyük təhlükə mənbəyi olduğunu söyləyib. Fransanın mina təhlükəsi ilə bağlı yaşadığı təcrübəsindən danışıb:
"Bu gün Fransanın bəzi otlaq sahələrində hələ də Birinci Dünya müharibəsindən qalan minalar təhlükə törədir. Fransa hökuməti bu ərazilərin təmizlənməsi məqsədilə ora heyvanların buraxılması təklifi ilə çıxış etdi. Heyvansevərlər buna etiraz etsələr də, Fransa hökuməti bildirdi ki, “fransız insanları ölməkdənsə, fransız qoyunları ölsünlər".
Bu cür vəziyyət Ermənistan üçün çox ciddi məsuliyyət yaradır. Ermənistan bu məsuliyyəti dərk etməli və Azərbaycana kompensasiya ödəməlidir. İnsanlar, meşə zolaqları və heyvanat aləmi təbiətin ayrılmaz hissəsidirlər. Bu coğrafiyada minanın zərər vurmadığı sahə demək olar ki, yoxdur. Bu, çox ciddi problemdir. Qarabağ ərazisinin minalardan təmizlənməsi məsələsi Azərbaycan dövləti və xalqı qarşısında böyük təhlükə olaraq dayanır. Bu təhlükədən azad olmaq üçün görülməli işlər çoxdur".